Son 15 ildə ölkəmizdə qazanılan iqtisadi uğurlar vətəndaşların gəlirlərinin artmasına, sosial rifah halının yüksəldilməsinə zəmin yaradıb. Bu gün dünyada baş verən iqtisadi böhranların, qlobal proseslərin, siyasi münaqişələrin fonunda Azərbaycan sabit və davamlı tərəqqi yolunu davam etdirir. Vətəndaşlar sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik şəraitində yaşayır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə bildirib.
Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu sosial siyasət konsepsiyasının Prezident İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə uğurla davam etdirildiyini deyən deputat qeyd edib ki, dövlətimizin başçısının vətəndaşların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzaladığı fərman və sərəncamlar ölkəmizdə iqtisadi və sosial sahədə yeni inkişaf dövrünün başlanmasına təkan verib, əhalinin əmək haqlarında, müavinətlərində, pensiyalarında və bütövlükdə real gəlirlərin artırılmasında ciddi müsbət dəyişikliklərə səbəb olub. Bununla da vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, fəaliyyətinin artırılması istiqamətində müsbət dəyişikliklərə imza atılıb.
“Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır, əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bəli, ölkəmizdə görülən işlərin, əldə edilən nailiyyətlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır”, – deyə P.Kərimzadə qeyd edib.
Deputat bildirib ki, əmək pensiyalarının və sosial müavinətlərin artırılması, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində verilən sərəncamlar, görülən tədbirlər yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev əhaliyə, xüsusilə aztəminatlı ailələrə sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayıb. Dekabrın 19-da imzalanan aztəminatlı ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardımın ödənilməsi ilə bağlı Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür.
Son 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisinin azaldığını, yoxsulluğun 49 faizdən 5 faizə düşdüyünü xatırladan P.Kərimzadə qeyd edib ki, sosial siyasətdən danışarkən sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq lazımdır.
Pərvin Kərimzadə bildirib ki, dövlətimizin başçısının xalqın sevgisini qazanmasını şərtləndirən əsas məqamlardan biri də əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində aparılan ardıcıl addımlardır. Qeyd etmək lazımdır ki, son 15 ildə ölkədə minlərlə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Təkcə paytaxtda deyil, bölgələrdə də səhiyyə islahatları uğurla reallaşıb. Bu illər ərzində Prezident İlham Əliyev insanların sağlamlığının qorunmasına daim xüsusi həssaslıqla yanaşıb. Bu, dövlətimizin başçısının çıxışında da aydın görünür: “Hər bir sahəyə diqqət göstərilir, məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar, tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür”. Qürurverici haldır ki, Prezidentin təşəbbüsü ilə hər il ölkəmizdə dünya praktikasında rast gəlinməyən əhalinin pulsuz tibbi müayinə aksiyaları həyata keçirilir.
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurlu icrası şəhərlə kənd arasında fərqi aradan qaldırıb. Bu gün Azərbaycanın regionları zəruri infrastrukturla təmin olunub. Prezidentin tapşırığına əsasən Azərbaycanın hər bir kəndi, qəsəbəsi qazlaşdırılır. Artıq ölkə əhalisinin təxminən 95 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri, yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışlarında şəxsən iştirakı ənənəvi xarakter alıb. Bütün bunlar göstərir ki, qazanılan uğurlarla yanaşı, ölkəmiz gələcək hədəflərə – əhalinin sosial rifah halının daha da yüksəlməsinə, daha da xoşbəxt gələcəyə doğru mətin addımlarla irəliləyir”, – deyə Milli Məclisin deputatı qeyd edib.