Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Hazırda çox isti yaz günlərini yaşayırıq. Bu o deməkdir ki, suya olan tələbat ikiqat artıb. Yayın gəlişi ilə şəhər və kəndlərdə suya olan tələbat müxtəlif şəkildə özünü göstərir. Şəhər əhalisi əsasən məişətdə suyun istifadəsini artırır, kənd yerlərində isə əkin biçinin yanmadan məhsul dövrünə çatdırılması üçün su vacibdən də vacib olur.
Yer üzündəki su ehtiyatlarının cəmi 3 faizə qədəri içməli sudur. Və onu da diqqətdə saxlamalıyıq ki, dünyada 1.1 milyard insan içməli su əldə etməkdə çətinlik çəkir. Şəhərdə və ya kəndə yaşamağından asılı olmayaraq hər bir insan hazırda dünyada gedən iqlim dəyişmələrinin fonunda su ilə bağlı yarana biləcək problemlər haqqında maariflənməlidir. Bu işdə dövlət və əhali əlbir olmağı bacarmalıdır. Mütəxəssislərin rəyləri və tövsiyələri diqqətdə saxlanmalıdır.
Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Belə ki, regionun ümumi su ehtiyatının cəmi 15 faizini təşkil edir. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Su təminatına görə ölkəmiz dünyanın ən az təmin olunan regionlarından sayılır. Təxminən 1 kvadrat km-ə 100 000 kubmetr su, hər adambaşına isə il ərzində 950-1000 kubmetr su düşür. Ümumi su ehtiyatlarımız 28,5-30,5 kubkm arasında dəyişir. Mülayim və quraq illərdə bu ehtiyat daha da azalaraq 27 və 22,6 kubkm təşkil edir ki, bunun da 17,1 və 14,3 kub km-i tranzit çayların payına düşür. Quraq regionlarda su ehtiyatlarının az olması lokal inkişafa zərbə vuran əsas amil hesab olunur. İqlim nə qədər quraqdırsa, iqlim dəyişmələrinə həsasslıq da daha çox müşahidə olunur.
Dünyada su probelminin faizi artıqca inanlar su mənbyi kimi gözlərini dəniz və okeanlara dikir, onların suyunun duzsuzlaşdırılaraq istifadəsi yollarını axtarırlar. Bu artıq arzudan rallığa çevrilib. Xəzəryanı ölkə olaraq da Azərbaycan da bu yolda addımlar atmaqdadır.
Aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoymasında iştirak edən dövlət başçısı artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayaraq qeyd edib: “Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək”.
Prezident bildirib ki, Qarabağ kanalının yenidən inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq: “Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq. Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər gördüyümüz işlərdə əks olunur”.
Ölkə başçımız qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı dünyada və Azərbaycanda böyük narahatlıq var: “Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.