Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin rəisi Namiq Həsənovun sözlərinə görə kompleksdə son tamamlanma işləri aparılır. İlin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə 200 nəfər daimi işlə təmin olunacaq. Avtovağzal rəisi bildirib ki, Gəncə Beynəlxalq Avtovağzal Kompleksi üçün tikinti işlərinə 2012-ci ildə başlanılıb. Kompleks Gəncə-Bakı avtomobil yolunun sağ hissəsində ayrılmış 5 hektar ərazidə inşa olunub.
Namiq Həsənov bildirib ki, avtovağzal üçün orijinal layihə əsasında müasir tələblərə cavab verən və ümumi sahəsi 3 min kvadrat metr olan iki mərtəbəli bina tikilib. Ümumilikdə 3 hissədən ibarət binada sərnişinlər üçün kassa, gözləmə zalı, ana və uşaq otağı, ibadətxana, kommunikasiya dolabı, dispetçer və mühəndis otaqları, tibb, polis və təhlükəsizlik xidməti məntəqəsi yaradılıb.
Zalda avtobusların hərəkət cədvəlini göstərən elektron lövhə asılıb, döşəmə isə günərzi isitmə sisteminə qoşulub. Avtovağzalın və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün binanın daxili divarlarında yanğın əleyhinə vasitələrlə təmin edilmiş dolablar qoyulub. Binada veb kameralar quraşdırılıb.
Namiq Həsənov deyib ki, Gəncə Beynəlxalq Avtovağzal Kompleksi hər gün səhər saat 6:00-dan başlayaraq əsasən respublikanın Şimal, Cənub və Şərq bölgələrinə, həmçinin beynəlxalq istiqamətdə sərnişindaşımalar həyata keçiriləcək. Avtobusların daha asan yanalması üçün kompleksdə peronlar quraşdırılıb.
Avtovağzalı fasiləsiz su ilə təmin etmək və yanğın təhlükəsizliyi məqsədilə hər biri 60 tonluq iki yeraltı su anbarı tikilib. Binada sürücülər üçün istirahət otağı, sərnişin yüklərinin saxlandığı baqaj, ərzaq anbarı, avtomobil ehtiyat hissələri mağazası, nəqliyyat vasitələrinə texniki xidmət və avtoyuma məntəqəsi fəaliyyət göstərəcək.
Hazırda kompleksin ətrafında abadlaşma işləri həyata keçirilir və yaşlııq zolağı salınır. Dekorativ gül kollarının əkilməsi, eləcə də ərazinin asfaltlanması və səki daşlarının düzülməsi işləri davam edir.