Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) Baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.Nümayəndə heyətinin tərkibində Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərinin meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev və “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, israilli jurnalistlər və mədəniyyət xadimləri olub.
İsrailli qonaqlar şəhərin görməli yerlərini gəziblər. Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Məqbərəsi və Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi,Cümə Məscidi və Cavadxan Türbəsində olublar. Xan bağını seyr etdikdən sonra Heydər Əliyev Mərkəzinə gəliblər. Möhtəşəm Mərkəz qonaqları heyran edib. Dünyaşöhrətli Nizamı yurdunun zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti onlarda xoş təəssüratlar yaradıb.
Qeyd edək ki, İsrail nümayəndə heyəti Gəncə şəhəri ilə yanaşı, Bakıda ,Mingəçevirdə, Şəkidə, Göygöldə və Qəbələdə olublar. Nümayəndə heyəti həmçinin Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində də iştirak edib.
Səfər İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyasının hədiyyə edilməsi münasibətilə təşkil ediləcək tədbirlə sona çatacaq.
Hicran Məmmədova