Azərbaycan alpinistləri qrupu sentyabrın 2-də Gürcüstana gedib.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən bildiriblər ki, orada qrup tanınmış alpinist, Respublika Alpinist-Turist Klubunun üzvü Firuz Dadaşovun rəhbərliyi altında təlim-məşq toplanışları keçirəcək. Həmçinin Kazbek dağının zirvəsinə də qalxmaq planlaşdırılır.
Səkkiz nəfərdən ibarət qrupa əsasən alpinizm sahəsində ilk addımlarını atan idmançılar daxil olub. Onlar qar-buz şəraitində işləməyi və axtarış-xilas əməliyyatlarını aparmağı öyrənəcəklər.
“Bu məşqlər alipnistlər üçün olduqca vacibdir, çünki qazanılan təcrübə gələcəkdə onlara mütləq lazım olacaq”, – deyə qrupun gənc rəhbəri bildirib.
Firuz Dadaşovun sözlərinə görə, məşqlər bitəndən sonra qrup Kazbek zirvəsinə (5033 m) qalxacaq, amma bu, yalnız hava şəraitindən asılıdır. Qrupun rəhbəri bildirib ki, ilkin proqnozlara görə, biz zirvəyə qalxmağımızı planlaşdıran vaxt hava şəraiti yaxşı olmalıdır. Lakin dağ havası bir saat, yarım saat içində tamamilə dəyişə bilər.
Beləliklə, hava şəraiti normal olarsa sentyabrın 4-də alpinistlərimiz 3600 metr hündürlüyə qalxıb, ana düşərgəni quracaq, ayın 5-də qar-buz və axtarış-xilas məşqlərində iştirak edəcək, sentyabrın 6-da isə zirvəyə doğru qalxacaqlar.
Alpinistlərimiz bazar günü geri qayıtmağı planlaşdırırlar.
Qeyd edək ki, Firuz Dadaşov əfsanəvi alpinist Akif Rüstəmovun tələbəsi, Azərbaycan alpinistlərinin gənc nəslinin nümayəndəsidir. 2011-2013-cü illərdə AAF-in yüksəkliyə qalxan yığma komandasının tərkibində Mərkəzi Asiyanın 7000 metrdən hündür olan 4 ən yüksək zirvəsinə qalxıb. 2014-cü ildə Firuz Dadaşov İsrafil Aşurlı ilə birlikdə Himalayın 8 min metrlik zirvəsi Şişabanqmaya qalxmağa cəhd edib.
ikisahil.com