Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü ilə əlaqədar “14 iyul – Zirvəyə yüksəlişin başlandığı gün” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucalan abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra tədbir iştirakçılarına Xatirə Muzeyində Heydər Əliyevin həyatını və zəngin siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Kəlbəcər sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon Statistika İdarəsinin rəisi Ramil Salmanov, Gəncəbasar Aşıqlar Birliyinin sədri Elbrus Hüseynov və digərləri çıxış edərək bildiriblər ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Həmin tarixdən başlayaraq respublikamızın bütün sahələrində köklü islahatlar baş vermiş və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, ölkəmiz respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb.