Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Müasir Azərbaycan qadınını ictimai-siyasi həyatın bütün sahələrində irəli çəkilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən idi. Ulu Öndər bu mövzuya həssaslıqla yanaşaraq qeyd edirdi: “Azərbaycan qadınının tarixi çox böyükdür, zəngindir… Onların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır”.
Azərbaycan tarixinin ən şərəfli səhifələrində ömür yolu örnək olan qadınlardan biri Zərifə xanım Əliyevadır. Zərifə xanım ən ali, ən üstün keyfiyyətlərə malik bir insan idi. Onun böyüklüyü tutduğu yolun xalqa xeyir verəcəyini bilərək, bu yoldan geri çəkilməməsində, mübarizliyində və əzmində idi.
Müxtəlif göz xəstəliklərinin müalicə və prafilaktika tədbirlərinin işlənib hazrlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə Əliyevanın ilk elmi araşdırmalarının nəticəsi effektli olur və getdikcə çəkdiyi zəhmətlər bəhrəsini verməyə başlayır.
Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-ci ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın tətbiq etdiyi müalicə tezliklə bütün respublikada tətbiq edilir. Bununla da Azərbaycan bu xəstəlikdən xilas olur. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi böyük alim Zərifə xanımın adıyla birbaşa bağlıdır.
Zərifə Əliyevanın elmi fəaliyyətinin miqyasından, oftalmologiya elminə göstərdiyi xidmətlərdən, səhiyyənin inkişafına yardımından danışarkən, bu fəaliyyətin geniş ictimaiyyətin o qədər də hiss etmədiyi ailə ocağının keşikçisi, gündəlik analıq qəhrəmanlığı, Heydər Əlirza oğlu Əliyev kimi görkəmli şəxsiyyətin həyat yoldaşı və silahdaşı kimi digər rolu ilə çox gözəl harmoniya təşkil etdiyini də unutmaq olmaz.
Zərifə xanımın sadəliyi təkrarolunmaz idi: akademik, əməkdar elm xadimi, professor, müxtəlif mükafatlar laureatı olmağına baxmayaraq o, hər kəsin köməyinə yetir, heç kəsdən yardımını əsirgəməzdi. Bir sözlə deyə bilərik ki, dahi akademik özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub.
İllər ötəcək, əsrlər keçəcək, indi yaşadığımız dövr çox sonralar yetişəcək nəsillər üçün ibrətamiz səhifələrə çevriləcək. Eləcə də həmin səhifələrdə adları çəkilən şəxsiyyətlərin ömür yolları təkrarən öyrəniləcək. Xalqına göstərdiyi misilsiz xidmətləri və mənalı həyat yolu ilə qürur və iftixar mənbəyimiz olan Zərifə xanım Əliyeva da illər keçsə də yaddaşlarımızdan silinməyəcəkdir. Zərifə xanım Əliyevanın unudulmaz və əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.