Akademik Zərifə Əliyeva 93
İnsanlara sevinc, fərəh, nur bəxş etmək qayğıkeş, əməksevər, səmimi və mehriban Zərifə xanımın yaşam fəlsəfəsi idi. Moskva oftalmoloji məktəbin nümayəndələri Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdılar. Həmkarları və müasirləri isə ona alim-novator, istedadlı həkim, pedaqoq və natiq, böyük filosof, qeyri-adi şəxsiyyət kimi baxırdılar.
Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü.
Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırıb. Professor V.V.Şmelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq- alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca göz önündə dəyanətli, dərin zəkalı, müdrik və fədakar Azərbaycan qadınının obrazı canlanır.
Zərifə xanımla bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. O, ürəklərdə yüksək vətəndaşlıq, humanizm və saflıq mücəssəməsi kimi əbədi qalıb. Zərifə xanımın insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi.
XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 93 ili tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının zəngin ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, dünyanın Ən Böyük Azərbaycanlısının, dünya azərbaycanlılarının lideri, türk dünyasının qüdrətli siyasətçisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizin mənəvi dayağı, möhkəm arxası idi.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına dair çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadənin öyrənilməsinə həsr edib.
1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağı Zərifə xanımın həyat qayəsinə çevrilib. Alim dünyada ilk dəfə olaraq, peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.
Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan, Nobel mükafatına bərabər tutulan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Zərifə xanım haqlı olaraq, belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, xarizmatik qüvvəyə və düşüncəyə malik, XXI əsrdə müasir Azərbaycanı daim irəliyə aparan dünyanın ən nüfuzlu dövlətləri sırasına çıxaran, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin anasıdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımdan həyat dərsi alıb, onun müqəddəs missiyasına sadqidir, qiymətli irsinin layiqli davamçısıdır.
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı.
Son dərəcə mətanətli, dözümlü və təmkinli dahi şəxsiyyət Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyət yalnız sonsuz məhəbbətlə sevdiyi Zərifə xanımı xatırlayərkən kövrəlir, gözləri yaşla dolur, səsi titrəyirdi. Heydər Əliyev sevimli Zərifəsindən sonra 18 il ömrünün böyük məhəbbətinin nisgilini yaşadı.
Fəxri Xiyabanda böyük Heydər Əliyevin və Zərifə xanım Əliyevanın yanaşı məzarlarının üzəri təravətli gül-çiçək dəstələri ilə dolu olur, hər gün onları ziyarətə gələn insanlar məzarlar önündə ehtiramla baş əyərək, onların ruhuna rəhmətlər diləyərək keçirlər.
Müdrik şəxsiyyət, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, əsl azərbaycanlı xanım, böyük alim, vətənpərvər ziyalı, görkəmli ictimai xadim Zərifə xanım Əliyeva Azərbaycanı dərin məhəbbətlə sevən insanların qəlbində daim yaşayacaq, ömürləri nurlandıracaq. Baharda doğan Günəş kimi…
Süsən Tağıyeva