Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində olub.
Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.
“İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.
“Vestnik Kavkaza” agentliyi yazır ki, Prezident İlham Əliyev Qarabağın erməni əhalisinə Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməsi üçün seçim verildiyini bildirib. Azərbaycan Liderinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri barədə fikirləri də agentliyin materiallarında əksini tapıb.
“TASS” Agentliyi Prezident İlham Əliyevin çıxışına istinadla yazır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına daxil olmaq məqsədi yoxdur, Azərbaycan dövləti əlaqələr qurmağın yollarını tapıb. Agentlik Azərbaycanın dövlət başçısının Ermənistanın sülh müqaviləsinin hazırlanmasına etinasız yanaşması, 6-7 səhifəlik sənədlə əlaqədar Azərbaycan tərəfinin şərhlərinə 70 günə cavab verməsi barədə dediklərini də oxucuların diqqətinə çatdırıb.
“Arqumentı nedeli” nəşri yazır ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib.
“İzvestiya” qəzeti Azərbaycan Liderinin sentyabrında keçirilən antiterror tədbirlərinin 24 saat çəkdiyi, dinc əhaliyə heç bir ziyan dəymədiyi barədə dediklərinə diqqət çəkib. Qəzet, həmçinin Ermənistan ilə sülh müqaviləsi imzalanması üçün Azərbaycan tərəfinin zəmanət tələb etdiyini də vurğulayıb.
“Lenta.ru” nəşri yazır ki, Prezident İlham Əliyev keçmiş separatçı rejimin başçılarının əfv olması şərtini açıqlayıb. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, onlar təslim olsaydılar, əfv edilərdilər. Əvəzində isə onlar Bakıya tanklarda daxil olacaqlarını deyirdilər, indi isə məhkəmənin qərarını gözləyirlər.
Bu ölkənin “Vedomosti”, “TVC”, “Qazeta.ru”, “Pofile.ru”, həmçinin bir çox digər nəşr və telekanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş təhlil edib.
Fransanın “Lorientlejour” portalında dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fikirlərində istinadla bildirilib ki, Birləşmiş Ştatlar çox gərgin münasibətlərə malik Azərbaycan ilə Ermənistan arasında vasitəçilik rolunu oynamağa davam etmək istəyirsə, ikitərəfli əlaqələrin möhkəmliyinə zəmanət verməlidir.
Bildirilib ki, dövlət başçısı ABŞ-ın Vaşinqtonla Bakı arasında strateji əlaqələrini “ləğv etdiyini” deyib və əlavə edib ki, “o, bunun səbəbini bilmir”.
Diqqətə çatdırılıb ki, əgər Prezident İlham Əliyev Birləşmiş Ştatların Bakı ilə münasibətlərin artıq əvvəlki kimi olmayacağını deyirsə, bunun Vaşinqtonun Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə vasitəçilik etməkdən əl çəkməsi demək olduğunu vurğulayıb. O qeyd edib ki, münasibətin dəyişməsi Bakını ABŞ-ın himayəsi altında aparılan danışıqları “bərpa etməyə” sövq edə bilər.
“Leader-Telegram” saytında yayımlanan materialda Azərbaycan Prezidentinin Fransa və Hindistanı Ermənistana təhlükəli silahlarla təmin etməmək barədə xəbərdarlıq etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanın dövlət başçısı bu cür tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini açıqlayıb. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.
Özbəkistanın “Daryo” portalı isə yazır ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli olmasının vacibliyinə bir daha diqqəti yönəldib.
Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı fikirləri Türkiyə mətbuatında da geniş işıqlandırılıb.
Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer verib. Yazıda dövlətimizin başçısının “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”, “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər” sitatları yer alıb.
“Hurriyet.com” saytının “Sülh anlaşmasının əsas maddələri hazırlanıb Ermənistana göndərildi” sərlövhəli yazısında da Prezident İlham Əliyevin fikirləri əks olunub. Yazıda dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, Azərbaycan iki il yarım bundan əvvəl suverenliyini bərpa etdikdə, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti vardı və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Daha sonra Prezident İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var – onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”.
“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.
“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.
Yazıda Prezident İlham Əliyevin “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” kimi fikirləri əks olunub.
“Aydınlık” saytının “Əliyev açıqladı: Sülh sazişində son vəziyyət necədir?” başlıqlı məqaləsi isə “Bölgəyə sülhü gətirdik”, “Ermənilər üçün lazımi şərtlər yaradılır”, “Ermənistana əlimiz uzatdıq” kimi yarımbaşlıqlarla verilib. Yazıda Prezident İlham Əliyevin “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur” – kimi fikirləri geniş yer alıb.
“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”. Prezident İlham Əliyevin bu fikirləri isə “En son haber” saytında işıqlandırılıb.
Gürcüstan mətbuatı da dövlətimizin başçısının fikirlərini diqqət mərkəzində saxlayıb.
Bu ölkənin “newsday.ge”, “interpress.ge”, “qafqazturk.com”, “24news.ge”, “realnews.ge”, “1tv.ge” televiziya kanalı dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan və gürcü dillərində silsilə materiallar dərc ediblər.
Prezident İlham Əliyevin çıxışından AZƏRTAC-a istinadla yayımlanan materiallarda deyilir ki, Azərbaycan və Gürcüstan Avropada vahid, strateji əhəmiyyətli komandadır. Bu iki ölkə yaxın tərəfdaşlardır və onların tərəfdaşlığı enerji ilə məhdudlaşmır.
Dövlətimizin başçısının Gürcüstanın Avropa İttifaqına daxil olmaqla bağlı fikirləri də mətbuatın diqqət mərkəzində olub. Bununla bağlı materiallarda deyilir: “Biz Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini tam başa düşürük. Bu işdə gürcü dostlarımıza uğurlar arzulayıram və Gürcüstanı statusun verilməsi münasibətilə təbrik edirəm”.
Dövlətimizin başçısının Ermənistanla bağlı söylədiyi fikirlərdə Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxın olduğu vurğulanır. Məlumatlarda, həmçinin qeyd edilir: “Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm”.
Bildirilib ki, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlət başçısı əlavə edib: “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror tədbirlərinə ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.
İranın İRNA, “sahebkhabar.ir”, “snn.ir” və digər informasiya portallarında yayımlanan informasiyalarda Ermənistanla aparılan sülh danışıqlarında mövcud vəziyyətə dair Prezident İlham Əliyevin fikirləri geniş işıqlandırılıb.
İRNA-nın AZƏRTAC-a istinadla dərc etdiyi materialda Prezident İlham Əliyevin “Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik” sözləri işıqlandırılıb. Dövlətimizin başçısının ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı, həmçinin Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar fikirlərinin də əks olunduğu yazıda, Ermənistanla aparılan sülh danışıqlarının son vəziyyəti ilə bağlı fikirləri dərc edilib.
“sahebkhabar.ir” saytında işıqlandırılan xəbərdə Prezident İlham Əliyevə istinadla Azərbaycanın Ermənistanla müharibə istəmədiyi, bununla yanaşı, Ermənistanda revanşist qüvvələrin baş qaldırmayacağı ilə bağlı təminat verilməli olduğu diqqətə çatdırılır.
“snn.ir” portalında işıqlandırılan yazıda dövlətimizin başçısının fikrinə istinadla bildirilib ki, Ermənistan iki ölkə arasında bir daha müharibə olmayacağına dair zəmanət verməlidir.