2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ilkin nəticələrə əsasən seçicilərin 92 faizindən çoxu cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçdi. Budəfəki prezident seçkiləri də yüksək seçici fəallığı fonunda baş tutdu. Belə ki, seçici fəallığı 76,73 faiz təşkil edib. Yəni respublika üzrə 4 milyon 971 min 32 nəfər seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.
Bu, həm də onu göstərir ki, seçkilər azad, şəffaf və ədalətli şəkildə həyata keçirilib. Beynəlxalq və yerli təşkilatlar tərəfindən aparılan “exit-poll”ların seçkilərin ilkin nəticələri ilə üst-üstə düşməsi də bunu təsdiqləyir. Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, Sosioloji Tədqiqatlar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”ların nəticələri cənab İlham Əliyevin böyük fərqlə seçicilərin səsini qazandığını elan etdi.
Qeyd edək ki, 7 fevral prezident seçkilərinə beynəlxalq səviyyədə də maraq kifayət qədər yüksək oldu. Təsadüfi deyil ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib.
Ən önəmli və tarixi məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.
Qələbəni şərtləndirən amillər…
Cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması Onun uğurlu siyasətinin nəticəsidir. Son 20 ilin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdi. Ölkə iqtisadiyyatında və sosial sahədə misilsiz uğurlar qazanıldı.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Qazanılan uğurların zirvəsində, təbii ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunması dayanır. Öz Lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu Zəfərlə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.
Milli həmrəylik həlledici faktor kimi…
Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyət nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Ümumiyyətlə, Prezident İlham Əliyev qurucu, birləşdirici Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı Özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib.
Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi.
Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi.
Təqdirəlayiq haldır ki, sözügedən birlik və həmrəylik siyasi müstəvidə də özünü ifadə edir. Belə ki, həm Vətən müharibəsində, həm də ondan sonrakı proseslərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat verərək dövlət başçısının siyasətinə dəstək veriblər. Yeri gəlmişkən, artıq bir sıra siyasi partiyalar bəyanat verərək 7 fevral prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi təbrik ediblər. Bu fakt siyasi mədəniyyət nümunəsi olmaqla yanaşı, ölkəmizdə siyasi konfiqurasiyanın, siyasi münasibətlərin inkişafının göstəricisidir.
Beləliklə, 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu, o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyillər, istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur.
Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Bütün bunların fonunda xalqımız 7 fevral seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək öz Liderinə sarsılmaz inamını bir daha nümayiş etdirdi.
Siyasi autsayderlərin provokasiya cəhdləri fiaskoya uğradı…
Məlumdur ki, müstəqil Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələr hər zaman olub. Müəyyən beynəlxalq dairələr, anti-azərbaycançı mərkəzlər dövlətimizi zəiflətmək, parçalamaq üçün həmişə müxtəlif “layihələr” reallaşdırmağa çalışıblar. Onlara öz içimizdə olanlar, yəni “sapı özümüzdən baltalar” da dəstək veriblər. Daha doğrusu, həmin xarici dairələr belələrindən alət kimi istifadə ediblər və bu gün də istifadə etməkdədirlər. Hələ Ermənistanın 30 illik işğalçı siyasəti davam edən zaman sözügedən dairələr Azərbaycanı “demokratiya və insan haqları” ilə bağlı ittiham etməyə çalışırdı. Beynəlxalq cinayətlər törətmiş Ermənistana torpaqlarımızı işğal etməsinə baxmayaraq, təsir və təzyiq göstərilmir, amma ərazisinin 20 faizi işğal olunan, 1 milyona qədər vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycana qarşı isə bəzi beynəlxalq təşkilatlarda qərəzli qətnamələr qəbul olunurdu.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra isə sözügedən dairələr daha da aqressivləşib. Müəyyən təşkilatlar və ölkələr beynəlxalq hüquq normalarını və ədalət prinsipini açıq-aşkar heçə sayaraq Azərbaycana qarşı “hücuma keçiblər”. Bu, Vətən müharibəsindən sonra Fransa tərəfindən, eləcə də Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında ölkəmizlə bağlı qəbul edilmiş qeyri-obyektiv sənədlərdə də özünü göstərir. Onların 7 fevral seçkiləri haqqında da beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq cəhdləri buradan qaynaqlanır. AŞPA-dakı müəyyən qüvvələrin, “Azadlıq” radiosunun, eləcə də ermənipərəst dairələrin əlində alət olan daxilimizdəki radikal qüvvələrin prezident seçkiləri ilə bağlı qərəzli mövqeyi heç bir fakta əsaslanmır. Əlbəttə ki, onların obyektivlikdən tamamilə uzaq olan yanaşmaları cəmiyyətimizdə heç bir dəstək qazanmır. Çünki Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və onun hər hansı uydurma iddialara inandığını gözləmək sadəlövhlük olardı.
Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Bu səbəbdən də, xaricdəki dairələrin və daxilimizdəki radikalların bütün planları, təxribatları hər zaman iflasa uğrayıb. 7 fevral seçkiləri haqqında onların qara piar kampaniyası da iflasa məhkum oldu. Xalqın seçimi – öz Liderinə növbəti dəfə inam və etimad göstərməsi sabitlik adası olan Azərbaycanın inkişafından, xalq-Lider birliyindən, milli həmrəylikdən narahat olaraq ölkəmizə qarşı neqativ ssenarilər həyata keçirmək istəyən qərəzli dairələrə layiqli və tutarlı cavab oldu.
Yeni hədəflərə doğru…
Dövlət başçısı İlham Əliyev ötən ay yerli televiziyalara müsahibəsində suverenliyimizin bərpa olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirmişdi. Beləliklə, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verməklə məhz Onun Liderliyi ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.
Qarşıdakı əsas hədəflər sırasına regionumuzda sülhün təmin olunması, Azərbaycan iqtisadiyyatının daha da artırılması, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi, sosial sahənin bütün istiqamətləri üzrə tərəqqinin davam etdirilməsi, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi, müəyyən qlobal layihələrin reallaşdırılması və s. məsələlər daxildir.
Təbii ki, hədəflərimiz sırasında işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması mühüm yer tutur. Böyük Qayıdışla bağlı I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli yaşayışı gerçəkləşdiriləcək. Artıq cari ildə Şuşa, Xankəndi, Xocalı, Cəbrayıl və Kəlbəcər şəhərlərinə və bir sıra kəndlərə də qayıdış baş tutacaq.
Beləliklə, yeni mərhələdə – 7 fevral prezident seçkilərindən sonra qalib Azərbaycan xalqı qalib Lider İlham Əliyevin liderliyi ilə yeni zəfərlərə imza atacaq!
Yeni TV-nin Analitik Qrupu