YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov
-Yüksəl müəllim,Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyi qarşıda duran vəzifələri hansı səviyyədə yerinə yetirdi?
– Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin xoşbəxt gələcəyinə hesablanan gənclər siyasəti doğma Gəncəmizdə də uğurla həyata keçirilir. Ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının ətrafında sıx birləşən gənclər şəhərin sosial-iqtisadi və mədəni həyatındakı fəal iştirak edir, onlar üçün yaradılan imkanlardan yararlanırlar. Ötən illərdə olduğu kimi yola saldığımız 2018-ci ildə də YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun fəaliyyətini gənclərin inkişafına geniş imkanların yaradılması, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılması istiqamətində quraraq, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Birliyin gənc üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanıblar. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirən gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində maraqlı, ardıcıl layihələrlə çıxış edib. Bunun bəhrəsi olaraq, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşib, yeni fəal gənclər böyük fəxr və qürur hissi ilə partiya sıralarına qoşulublar. Gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik olmasını və alternativsiz siyasi qüvvə olduğunu bir daha sübut edir.
-YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi son illər maraqlı layihələrdə çıxış edir bu baxımdan ötən illərdə nə kimi layihələr həyata keçirdi?
–YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi fəaliyyətində daim yeniliklərə üstünlük verir, gənclərinin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığını təmin etmək üçün yeni layihələr məqsədyönlü tədbirlər həyata keçirilir. Burada mütəmadi tələbə-gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması, onların içtimai-siyasi fəallığının genişləndirilməsi, hərtərəfli biliklərə yiyələnməsi, asudə vaxtının səmərəli təşkili məqsədi ilə dəyirmi masalar, diskussiyalar, işgüzar müzakirələr, debat və treninqlər aparılır. Təlim və Resurs Mərkəzinin, dil kurslarının, hər şənbə günü fəaliyyət göstərən “Cine Club”un fəaliyyəti, gənclərin ictimai fəaliyyətinin onların inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynayır. Gənclərin siyasi, sosial, mədəni, tarixi dünyagörüşünün artırılması, yeni bilik və bacarıqlara yiyələnməsi üçün 4 mərhələdən ibarət “Yerində Tarix” eko tur layihəsi, “Gənc bloggerlər” təlim kursu, I kurs tələbələri ilə görüşlər, “Gəncə şəhərinin ekoloji problemləri” mövzusunda iməciliklər, “Gənclər gələcəyimizdir” adlı dəyirmi masalar, seminarlar keçirilib. Belə layihələrin reallaşdırılması həm də vətənpərvər, yüksək intellektə malik, geniş dünyagörüşlü gənc nəslin formalaşmasına xidmət edib.
-YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi maraqlı layihələrlə çıxış edir, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində maraqlı addımları atır.
–Ölkə başcısı cənab Prezident tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin məntiqi nəticəsi olaraq Gəncəmiz 2016-cı ildə Avropanın Gənclər Paytaxtı tituluna sahib oldu. İl ərzində bir sıra yerli və beynəlxalq layihələrin uğurla icra edildiyi məkan kimi tarixə düşdü. Layihəsi çərçivəsində keçirilən təlim, seminar, konfrans, festival, simpozium, sərgi və “dəyirmi masa”larda ölkəmizin müxtəlif bölgələrindən, Avropadan və dünyanın digər ölkələrindən minlərlə gənc iştirak etdi. Beləliklə, 2016-cı ildə həm Azərbaycan, həm də Avropa gənclərinin diqqəti Gəncəyə yönəldi. Bu da Nizami yurdunu, onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaratdı. Gənclər də öz növbələrində avropalı həmyaşıdları ilə sıx əlaqə yaratmaq imkanı əldə etdilər. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gəncləri fürsətdən istifadə edib xaricdən gələn gənclərin ölkəmizi, qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncəni yaxından tanımaları üçün geniş təbliğat işləri apardılar. Mötəbər tədbirlərə ev sahibliyi edən Gəncə artıq bu il Avropanın İdman şəhəri kimi fəaliyyət göstərir. İdman sahəsində qazanılan ardıcıl uğurlar Gəncənin “Avropanın İdman Şəhəri” adını layiqincə daşıyacağından xəbər verir.
-Müasir gəncliyin YAP-a üz tutmasını, öz siyasi gələcəyini bu partiya ilə bağlamasını daha hansı amillərlə izah edərdiniz?
– Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilə bilib. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən, iştirak etdiyi bütün seçkilərdə üstün qələbələr qazanan, siyasi palitranın avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında təmsil olunmaq isə çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir. Partiya sıralarında gənclərin sayının durmadan artması isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar gənclərin YAP-a üz tutmasını şərtləndirir.
Yeni Azərbaycan Partiyasının, o cümlədən partiyamızın Gənclər Birliyinin özündə yüksək intellektual potensiala malik şəxsləri və bütün təbəqələrdən olan insanları birləşdirdirməsi ilə yanaşı, partiya strukturlarında gender bərabərliyinin təmin olunduğu da müşahidə edilir. Yüksək intellektual səviyyəyə sahib olan gənc xanımlar partiyamıza üz tutur, bir sıra hallarda onlara yüksək etimad göstərilməsinin nəticəsi olaraq idarəetmə strukturlarında təmsil olunurlar. Bu isə digər siyasi partiyalar və təşkilatlar üçün əsl nümunə kimi çıxış edir.