Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Son yüz ildə azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. 1918-ci il 31 mart soyqırımı da məhz yaşanan dəhşətli faciələrdən biridir. Həmin gün Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlıları, türkləri, müsəlmanları siyasi mənsubiyyətinə fərq qoymadan bolşevik və daşnak qüvvələri kütləvi şəkildə məhv etdilər. Bu məhvetmə çox qəddarlıqla həyata keçirildi. Hamilə qadınların bədənlərinə süngülərin vurulması, qocaların, qadınların, uşaqların kütləvi şəkildə məhv edilməsi, təndirə atılaraq yandırılması, su quyularına doldurulması, əzalarının kəsilməsi, insanların təhqir olunması, bütün bunlar amansızlıqla həyata keçirildi. Bu qırğınların törədilməsində əsas məqsəd sənaye mərkəzi olan Bakını erməni toplumunun və rusların mərkəzi şəhəri etmək, həmçinin nefti öz əllərində cəmləşdirmək istəyi olub. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin təqribən 3 milyon nəfəri türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin türk, müsəlman olduqları üçün azərbaycanlıların hərbi xidmətə çağırmaması ilə bağlı idi.Bakıdan başlayaraq Şamaxıya, Qubaya qədər bir çox ərazidə amansız qırğınlar törətmək təkcə erməni birləşmələrinin cəsarəti deyil. Digər tərəfdən, Qubada xüsusi qırğınların törədilməsi də təsadüfi sayıla bilməzdi. Quba qırğınlarına rəhbərlik edən Amazasp deyirdi ki, oraya bolşevik hökuməti qurmağa gəlib. Onun əsas missiyası Şahdağdan Xəzərə qədər olan bütün müsəlmanları məhv etməkdir. Erməni cəlladlarının insanlara verdikləri işgəncələr çox amansız olmuşdu. Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Zəngəzurda, Qarabağda baş tutmuş soyqırımların dəhşətini təsəvvür etmək çox çətindir. Cümhuriyyət hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Qubada 167 kənd dağıdılmışdı. Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. Təhqiqat Komissiyasının üzvləri soyqırıma məruz qalan şəxslərlə görüşüb, soyqırımı qurbanlarının ailələrindən ifadələr alıb. Bu ifadələr sonradan bir neçə cilddə toplanıb. Təhqiqat Komissiyasının işinə gəldikdə isə, o bir daha göstərdi ki, Bakıda törədilən soyqırımın başlıca məqsədi – Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, Abşeron yarımadasını yerli əhalidən təmizləmək, Bakı neftinə və Avrasiyaya gedən yola sahib olmaqdır. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb. Zəngəzur və Qarabağla bağlı sənədlər isə hələ araşdırılmayıb. Hərçənd komissiya həmin ərazilərdə Şamaxıdakı kimi işləyə bilməyib. On minlərlə insan isə epidemiya zamanı həlak olub.Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər. Daşnaklar uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.Talançılar İsmailiyyə binası ilə yanaşı, “Kaspi” qəzeti redaksiyasını, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanalarını da yandırmışdılar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.Mart qırğınında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər. 1918-ci il soyqırımı hadisələrini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının materiallarında göstərilir ki, erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də (soyqırımda) iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, müəllimlər var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz xislətlərini göstərirdi.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgiləndi.Mart soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində növbəti ən vacib addımlar atıldı. Prezident İlham Əliyevin də apardığı xarici siyasətin əsas amalı məhz Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının xalqımıza qarşı törətdikləri cinayətlərin ifşasına nail olmaqdır.