Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı mənəvi dəyərlər və tarixi köklərə bağlılıq üzərində inkişaf edir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan İslam Respublikası olmuşdur. İki ölkə arasında möhkəm dostluq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir.
Pakistan daima Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və həmişə Ermənistanın qəsbkarlığını pisləyib. Tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Pakistanın mənəvi dəstəyi dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilməkdədir.
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ayrıca olaraq müdafiə etməkdədir. Müntəzəm səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlərin imzalanması ikitərəfli münasibətləri rifaha doğru aparır.
Məlumdur ki, cari ilin fevral ayının 24-də Azərbaycanda dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri baş tutmuşdur.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev dövlətlər arasında imzalanmış sənədlərin gələcək əməkdaşlıq üçün faydalı olacağını bəyan etmişdir: “Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.”
Müzakirələrdə ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlıq, beynəlxalq daşımalar infrastrukturunun imkanlarının artırılması və digər mühüm mövzular yer almışdır.
Pakistanın Baş naziri Şahbaz Şərifin çıxış edərkən toxunduğu məqamlar da dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini açıq-aşkar ifadə edir: “Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.”
Ölkələr arasında iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Əminliklə qeyd etmək olar ki, dövlətlərimiz arasındakı əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir.