Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan və Özbəkistan arasında olan dostluq münasibətləri bütün sınaqlardan keçərək, bu gün ən yüksək səviyyəyə çatıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Xüsusilə xatırlanmalıdır ki, Azərbaycan xalqının Ümummilli Lideri 1996-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə iki dövlət arasında münasibətlərin genişləndirilməsi ilə bağlı fikirlər səsləndirmişdir. Ulu Öndər Heydər Əliyevin bu ölkəyə növbəti səfərlərini də ikitərəfli münasibətlərin inkişafında əsas mərhələ kimi qiymətləndirmək olar.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyəyə çatdırılıb.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin avqust ayının 22-də Özbəkistan Respublikasında dövlət səfərində olub.
Avqustun 23-də məhdud tərkibdə keçirilən görüşdəiki dövlət arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulanmış, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub. Eyni zamanda, görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Hər iki dövlət başçısı Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında iştirak etmiş, əhəmiyyətli mövzulara aydınlıq gətirmişlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfərinin tarixi olduğunu vurğulayaraq, müttəfiqlik münasibətlərindən bəhs etmişdir: “Vurğulayım ki, Sizin indiki dövlət səfəriniz həqiqətən də tarixidir. Birincisi, bu gün məhdud tərkibdə görüşdə danışdığımız kimi, müttəfiqlik münasibətlərinə dair müqavilə imzalayacağıq. Ən əsası, bir neçə il ərzində Sizinlə birgə Özbəkistan-Azərbaycan münasibətlərini ən yüksək dövlətlərarası qarşılıqlı fəaliyyət səviyyəsinə qaldıra bildik. Bu, bizim real uğurumuzdur. Zənnimcə, bu gün xalqlar, insanlar eşidəcəklər ki, biz müttəfiqlik münasibətlərinə dair müqavilə imzalayacağıq.”
Hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxışlar edərək, mühüm məsələləri diqqətə çatdırıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında ikitərəfli münasibətlərə verilən dəyər açıq-aydın ifadə olunmuşdur: “Bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.
Cənab Prezident İlham Əliyev Özbəkistanda iki dövlət arasındakı dostluq münasibətlərinin təməlini qoyan ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulmasını yüksək qiymətləndirmiş və Özbəkistan Prezidentinə bu münasibətlə minnətdarlığını bildirmişdir. Xatırladaq ki, 2022-ci ildə Daşkəndin Mirabad rayonundaHeydər Əliyev Meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin açılışı olmuş, cənab Prezident İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak etmişdi. 2024-cü il səfəri zamanı dövlətimizin başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanını ziyarət edərək, Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
Bu gün dövlətimizin Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Beləliklə, uzun tarixə söykənən Azərbaycan və Özbəkistan dövlətləri arasındakı əməkdaşlıq bu gün yeni dövrün reallıqlarına uyğun olaraq inkişaf edir və yeniliklərə imza atır.