Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri
Müasir dünyada hakimiyyət uğrunda mübarizələr artıq zorbalıq, iğtişaşlar və ya müharibələr vasitəsi ilə həyata keçirilmir. Bu günkü mübarizə siyasi partiyalar vasitəsilə tam demokratik sivil yollarla həyata keçirilir. Demək olar ki, artıq xalqların bir çoxunda seçki mədəniyyəti deyilən böyük bir siyasi mədəniyyət formalaşıb. Yəni, artıq geniş sosial bazaya sahib olan, milli maraqları təmsil edən, xalqa ithaf edib onun istəklərini yerinə yetirən, böyük elektorata sahib olan siyasi partiyalar əksər hallarda, seçkilərdə xalqın etimadını qazanaraq qalib gəlirlər. Azərbaycan xalqı da böyük siyasi mədəniyyətə sahib xalq kimi artıq uzun illərdir öz seçimini edib. Bu seçim sozsüz ki, əsasını Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu Yeni Azərbaycan Partiyasıdır. Heydər Əliyev regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaratmaqla xalqı vahid siyasi fikir ətrafında birləşdirdi.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.
Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yarandığı ilk gündən ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası, onun qurucusu və lideri Heydər Əliyev, Azərbaycanın çətin günlərinin xilaskarına gələcəyinin isə memarına çevrildi. 2003-cü ildən etibarən partiya liderliyini və hakimiyyəti Heydər Əliyev kimi siyasi dühadan təfil alan cənab Prezident İlham Əliyev istər partiya uğurlarının istərsə də, Azərbaycanın bütün uğurlarının bir nömrəli səbəbkarı və əsas müəllifi roluna büründü. Mən əminəm ki, Yeni Azərbaycan Partiyası hələ uzun illər nəinki Azərbaycanın eləcədə bütün dünyanın ən nüfuzlu partiyalarından biri olaraq qalacaq və ölkəmizin daha da böyük zirvələri fəth etməsində yaxından iştirak edəcəkdir. Çünki Azərbaycan xalqı bu partiyaya və onun liderinə daima inanıb, güvənib, etimad göstərib və göstərməkdə də davam edəcəkdir.