Baharın ilıq nəfəsi çöllərə, çəmənlərə xoş ətirli bir təravət, gözəllik, füsunkarlıq gətirib. Hər zaman hüsnünə, yaraşığına nəğmələr qoşulan , şeirlər söylənən Gəncə gül-çiçəklər içərisində daha da əlvanlaşıb. Xüsusən kövrəkliyini bahar müjdəli bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri belə ayaq saxlamağa vadar edir, bir an ana təbiətin bu gözəlliyindən zövq almağa səsləyir.
Şəhərin dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr yerli sakinlərlə bərabər əcnəbi qonaqların da, yaradıcı insanların da diqqətini cəlb edir. Burada ailə həyatına qədəm qoyan gənclər, böyüklər və uşaqlar rəngarəng fotoşəkillər çəkdirir, lalə romantikasının maraqlı məqamlarının sevincini yaşayır, təbiətin sehrinə düşərək valehedici mənzərəni doya-doya seyr edirlər. Hərdən yaddaşımıza həkk olunan nəğmələrin zümzüməsini eşidirik.
Yazın əvvəlində Gəncə çölündə,
Çıxıbdı yenə də düzə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə-düzə lalələr.