– Pərvin xanım, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırkı ictimai-siyasi durumu necə dəyərləndirmək olar? Seçki mühiti hansı reallıqları ifadə edir?
– Ölkəmizdə keçiriləcək parlament seçkiləri ictimai-siyasi gündəmin əsas hadisəsidir. Seçki günü yaxınlaşdıqca siyasi fəallıq da əhəmiyyətli dərəcədə artır. Bir sıra beynəlxalq təşkilatlar artıq sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyası həyata keçirir.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan daim demokratik prinsiplərə sədaqət, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir. Ölkəmiz istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də prosesin şəffaf və demokratik prinsiplər əsasında həyata keçirilməsi yolunda əsaslı addımlar atıb. Bu baxımdan, beynəlxalq qurumların qarşıdan gələn parlament seçkilərinə verdiyi önəm anlaşılandır.
Ümumiyyətlə, seçki hər bir dövlətin və xalqın həyatında mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, demokratik, şəffaf və ədalətli seçki mühitinin yaradılması birbaşa dövlətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Ötən dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar Seçki Məcəlləsini daha mükəmməl formaya gətirib çıxarıb. Bu səbəbdəndir ki, Seçki Məcəlləsi seçkilərin keçirilməsi üçün beynəlxalq meyarları və ən yaxşı təcrübələri özündə cəmləşdirir. Ötən illərdə keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməsi də bunu təsdiqləyir.
Hazırda seçkilərdə iştirak edən siyasi qüvvələrə bərabər şəraitin yaradılmasının özü demokratik seçki mühitinin göstəricilərindəndir. Bu, seçicilərin azad seçim etməsində vacib rol oynayır.
“Siyasi partiyalar haqqında” yeni qanun da müasir dövrün tələblərinə tam cavab verir və partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar açır. Ona görə də hazırkı seçkilərdə siyasi partiyalar yüksək fəallıqla təmsil olunurlar.
-Yeni Azərbaycan Partiyası bu seçkilərin favoriti hesab olunur. Sizcə, YAP parlament seçkilərinə hansı uğurlarla gedir?
– Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız ötən dövrdə öz məqsədlərinə uyğun fəaliyyət göstərərək çox mühüm nailiyyətlər əldə edib. Səmərəli fəaliyyətinin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.
Qeyd etdiyim kimi, YAP ilk proqramında qarşısına qoyduğu hədəf və məqsədlərə nail olub. Yeni dövrdə partiyanın da həyatında yeni mərhələ başlayıb. VII qurultaydan sonra partiyanın yeni Proqramı qəbul olunub və bu Proqrama uyğun olaraq məqsədyönlü fəaliyyət həyata keçirilir.
– Yeni dövrün gerçəklikləri və qarşıda duran hədəflər nədən ibarətdir?
– Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz ötən dövrdə böyük inkişaf yolu keçib. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olub. 44 günlük Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun gücü və xalqın birliyi ilə Zəfərlə sona çatdı. Həmçinin ötən il şanlı ordumuz lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyini tam təmin etdi.
Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Böyük Qayıdış Proqramı əsasında keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.
Dövlət başçısının vurğuladığı kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası müasir tariximizdə yeni dövrün başlanğıcıdır. Yeni dövrdə yeni hədəflərimiz var. Bu hədəflərə məhz qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Bu isə yeni dövrün yeni Azərbaycanı deməkdir. Ona görə də Yeni Azərbaycan Partiyası haqlı olaraq parlament seçkilərində “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə iştirak edir.
– Pərvin xanım, YAP tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb. Hazırda təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Sizcə, seçkilərlə bağlı ümumi ictimai rəy necədir? Seçicilərə nə demək istərdiniz?
– Təşviqat kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlərimiz davam edir. İnsanlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın təşviqat kampaniyasında fəal iştirak edirlər. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət prinsipinin dayandığını təsdiqləyib. YAP uğurları, qələbələri ilə cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb, xalqın partiyası olduğunu sübut edib.
İnkişaf davamlı bir prosesdir və zaman keçdikcə qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da yeni hədəfləri var. Bu hədəflər dövlətimizi daha güclü etməklə inkişafın yeni mərhələsinə çatdırmaq, insanların rifahını daha da yüksəltmək və beləliklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında yer almasını təmin etməkdən ibarətdir.
Seçicilərlə görüşlərimizdə partiyamızın seçki platforması haqqında ətraflı məlumat veririk. Əlbəttə, vətəndaşlarımız da yaxşı bilirlər ki, yeni dövrdə yeni hədəflərə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Ona görə də seçicilərimizin bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib Liderimiz cənab İlham Əliyevə səs verdikləri kimi, 1 sentyabr – parlament seçkilərində də Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə, partiyamızın bu seçkilərdə də inamlı qələbə qazanacağına inanıram. Hər zaman dövlətimizə, dövlətçiliyimizə və Prezidentimizə sadiq olan gəncəlilərin də mövqeyi bundan ibarətdir.
Mən bütün seçiciləri 1 sentyabrda keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram!