Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
YAP Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin müdiri Afər Məmmədov partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bugünkü fəaliyyətindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. O diqqətə çatdırıb ki, son 15 ildə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni uğurlar, zəfərlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir.
YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi partiya fəallarının şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərindən, ərazi ilk partiya təşkilatının həyata keçirildiyi silsilə tədbirlərdən danışıb. Bildirib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.
Gəncə Tibb Kollecinin müəllimi Məhəbbət Hunvarlı isə bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.