Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri çərçivəsində noyabrın 15-də ŞKTC-nin 40-cı ildönümü – Cümhuriyyət bayramı münasibətilə təşkil olunan rəsmi tədbirlərə qatılıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik qəbulunda və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma mərasimində iştirak edən YAP nümayəndə heyəti Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün adını daşıyan Bulvarda təşkil edilmiş təntənəli Cümhuriyyət bayramı mərasimini izləyib.
Sonra YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin adından verilən rəsmi nahara qatılıb.
Daha sonra nümayəndə heyəti Azərbaycandan Xəzər Universitetinin də komandasının təmsil olunduğu “15 Noyabr – Universitetlərarası Cümhuriyyət Kuboku” basketbol yarışının mükafatlandırma mərasimində iştirak edib. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov I yeri tutmuş komandaya kubok və nişanları təqdim edib.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın adından verilən rəsmi ziyafətdə iştirak edib.
Bununla da Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.