Böyük inkişaf yolu keçmiş, şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə əvəzsiz rola malikdir.
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. Hakim partiya Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir və böyük uğurlara imza atır. Xalqın haqlı olaraq Heydər Əliyev partiyası adlandırdığı Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edib, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu özündə saxlayıb. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə ölkəmizin tarixində yeni dövr başlayıb.
Yeni Azərbaycan Partiyasının yaradılması müasir Azərbaycanın tarixində mühüm siyasi əhəmiyyəti olan hadisə kimi böyük əhəmiyyətə malikdir. Öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə -1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün şəhər və rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses zəngin tarix yaşamış qədim Gəncə şəhərində də öz həllini tapdı. Partiyanın şəhər təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup Gəncə ziyalılarının iştirakı ilə tarixi bir gündə – 1993 – cü il 23 iyulda Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi. Qadağaları, çətinlikləri göz önünə alaraq Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransına toplaşan vətənpərvər insanları yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək.
Xalq Ulu Öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Yola saldığımız illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 31 illik tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 31 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.
Hazırda YAP Gəncə şəhər təşkilatının 112 ərazi ilk partiya təşkilatında 41 mindən çox partiya üzvünü birləşib. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Fəxrlə deyə bilərik ki, təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Təşkilatın üzvlərinin 39,54 faizini gənclər, 63,11 faizini isə qadınlar təşkil edir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.
YAP Gəncə şəhər təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Dahi şəxsiyyət Heydər Əliyev ideyaları əsasında və Prezident cənab İlham Əliyevin siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Gəncə şəhər təşkilatı qarşısında duran bütün vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirir və inamla, əzmlə milli tərəqqiyə mühüm töhfələr verməkdə davam edəcək.