Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün təntənəli açılışı olub.
Büstün açılışı mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov, şəhər ağsaqqalları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının kollektivi, Vətən Müharibəsi qaziləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin nurlu ideyalarının daim yaşayacağını vurğulayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın müstəqil dövlət kimi inkişafının, tarixi uğurlar qazanmasının Ümummilli Liderin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlı olduğunu qeyd edib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov bildirib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov Azərbaycanın hər qarış torpağını dərindən sevən Ulu Öndər Heydər Əliyevin qədim Gəncə şəhərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dahi şəxsiyyətin nurlu xatirəsinin qəlbimizdə, yaddaşlarda əbədi yaşadığını diqqətə çatdırıb.
Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir- deyə bildirən 44 günlük Vətən müharibəsi iştirakçısı İmran Rəcəbov qeyd edib ki, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.
Açiliş mərasimində partiya sıralarına yeni qəbul olunmuş bir qrup 44 günlük Vətən Müharibəsi qazisinə partiya vəsiqəsi təqdim edilib.
Sonda dünyanın Ən Böyük Azərbaycanlısı dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən, müdrik ideyalarını əməllərində və əqidələrndə yaşadan tədbir iştirakçıları Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bir daha ifadə ediblər.