Martın 1-də Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “FilmZone” klubu fəaliyyətə başladı.
Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsinin təbliği məqsədi ilə təşkil edilən “FilmZone”nin açılış mərasimində YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov çıxış edərək, gənclərin inkişafında, dünyagörüşünün formalaşmasında asudə vaxtdan səmərəli istifadə etməyin əhəmiyyətindən danışıb. Orxan Əhmədov onu da bildirib ki, yeni texnologiyalar, müasir ünsiyyət vasitələri yarandıqca, insanların həyata baxışları dəyişir: “Müasir gənclərin elmi, tarixi, ədəbiyyatı, incəsənəti qavrama forması da fərqlidir. Bu gün bir mövzunun öyrədilməsində, təbliğində saatlarla sürən mühazirələrdən, qalın kitablardan daha effektiv müasir vasitələr mövcuddur. Videoçarxlar, audiovizual vasitələr, sənədli və bədii, bioqrafik filmlər gənclərə daha çox təsir edir, onların düşüncə, qavrama tərzinə daha uyğun gəlir. Həm də internet əsrində, sosial şəbəkələr zəmanəsində bu cür yeni təqdimat üsullarının effekti danılmazdır. Bu məqsədlə “FilmZone” mədəniyyətimizi, ədəbiyyatımızı, dilimizi, tariximizi təbliğ edən, gənc nəslin maarifləndirilməsinə, onlarda vətənpərvərlik duyğularının aşılanmasına xidmət edən bədii və sənədli filmlərin nümayişinə üstünlük veriləcək.
YAP Gəncə şəhər təşkilatında fəaliyyət göstərən Gənclər Klubunun sədri Azər Həziyev qeyd edib ki, Gəncə gəncləri ictimai həyatın bütün sahələrində fəal mövqeyi ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Şəhərin ictimai-siyasi həyatında mühüm rol oynayan həmin gənclərin inkişafında, dünyagörüşünün formalaşmasında onların asudə vaxtlarını necə keçirmələrinin də böyük rolu var.
Daha sonra “Jumanji” filmi kino həvəskarlarına təqdim edilir. Film gənclər tərəfindən böyük maraqla izlənilib.
Qeyd edək ki, “Jumanji” filmi 2019-cu ildə ABŞ-da çəkilib. Fantastik janrda lentə alınan filmdə komediya səhnələri üstünlük təşkil edir. Rejissor Jake Kasdan-ın çəkdiyi film 2 saat 3 dəqiqə davam edəcək. Komediya və fantastik səhnələrlə bol olan “Jumanji”ni izləyiciləri ekran qarışına kilitləyən film də adlandırmaq olar.