Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Xocalı faciəsində, həmçinin ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı sədri Bayram Aslanov çıxış edərək bildirib ki, Xocalı faciəsi erməni vəhşiliyinin əyani sübutudur. Bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. İllər sonra 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Sonra jurnalist-yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanı əsasında dövlət sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan, Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” bədii filmi nümayiş etdirilib.
Filmdə böyük bir ustalıqla komandir obrazını yaradan Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmməd Səfa gurultulu alqışlarla səhnəyə dəvət edilib.
Məmməd Səfa çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb. Qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulayıb.
Film haqqında təəssüratlarını bölüşən Xalq artisti tamaşaçıları maraqlandıran sualları cavablandırıb.