Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan və İran dünya coğrafiyasında və siyasi münasibətlər sistemində biri-biri ilə tarixi, mədəni bağlara malik dövlətlərdir.
Cari ilin may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasıilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Həmin tarixdə dövlət başçılarının birgə iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Tarixi hadisədir ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir.
Məlumdur ki, İran İslam Respublikası ilə dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilmişdir. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb.
Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının xüsusi əhəmiyyəti vardır. Bu hidroqovşaqlar regionun iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə və turizmin inkişafına gətirib çıxaracaq.
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları iki ölkənin həmrəyliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyır.
Prezident Cənab İlham Əliyev açılış mərasimində etdiyi çıxışında ikitərəfli əlaqələrə verilən dəyər açıq-aydın ifadə olunmuşdur: “Bu gün çox əlamətdar bir gündür. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi”.