Millət vəkili Naqif Həmzəyev: “Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir”
Avropa İttifaqının Statistika Xidməti – “Eurostat”ın son hesabatına görə, Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir. Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir. Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb. 25-29 yaşlı gənclərin ən aşağı faizi İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir. Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir. Statistikadan da göründüyü kimi, Azərbaycanda gənclər böyük qüvvədir. Məhz buna görə də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsini təşkil edir, gənclərə böyük diqqət və qayğı göstərilir. Azərbaycan gəncliyi, onun sayının Avropa ölkələri ilə müqayisədə yüksək faiz təşkil etməsi, bunun üstünlüyü və sair məsələlərlə bağlı “Kaspi” qəzetinin suallarını Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin və Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev cavablandırır.