Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxt Bakıda ölkələri və xalqları narahat edən məsələlərin müzakirə platforması missiyasını yerinə yetirən beynəlxalq konfranslar və forumlarda səsləndirilən çağırışların beynəlxalq aləmdə əks-sədası şəksizdir.
Məlumdur ki, cari ilin mart ayının 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezidentimiz cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrildiyinə diqqəti çəkən dövlət başçımız maraqlı müqayisə aparıb: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platformadır”.
Dövlətimizin başçısı cənab İlham Əliyev açılış mərasimində çıxış edərək, regionda təhlükəsizliyin və sabitliyin yaradılması ilə bağlı əhəmiyyətli mövzulara toxunmuş, ərazi bütövlüyümüzün bərpasından bəhs etmişdir: “Ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək”.
Ümumiyyətlə, Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər bütün dünyanı narahat edən mövzulardır. Forumda dünyanın 70-dən çox ölkəsindən 350-dən artıq qonaq iştirak edir.
Bakı forumunun iştirakçıları tərəfindən, həmçinin yeni dünya nizamına xələl gətirən amillərə, təhlükəsizlik, planetdə möhkəm sülhün bərqərar olması istiqamətlərində ciddi müzakirələr aparılacağı gözlənilir.
İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio forumda çıxışı zamanı qeyd etmişdir: “Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platforma və rifah üçün hərəkətverici qüvvədir”. Onun sözlərinə görə, daha açıq cəmiyyət yaratmaq üçün bu prosesdə siyasi cəhətdən daha fəal iştirak etmək lazımdır.
Qeyd edək ki, son vaxtlar Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi onu göstərir ki, dünya Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyir, eyni zamanda ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini, xalqın rifahının yaxşılaşdırılması istiqamətində hökumətin fəaliyyətini təqdir edir.