Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan Respublikası beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Bu günAzərbaycan beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən, qalib ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini daha da təkmilləşdirmişdir.
Milli maraqlara əsaslanan xarici siyasətdə mühüm yerlərdən birini Azərbaycan və Bolqarıstan arasındakı qarşılıqlı əməkdaşlıq tutur. Danılmaz faktdır ki, Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir.
Məlumdur ki, 2024-cü ilin may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Sənədlərin imzalanması mərasimində hər iki dövlət başçısı “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.
Görüşdə müzakirə olunan məsələlər sırasında iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm və qarşılıqlı strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi məsələlər yer almış, səfər çərçivəsində müxtəlif sənədlər imzalanmışdır.
Dövlətimizin başçısı cənab İlham Əliyev görüşdə qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib: “Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir”.
Söhbət zamanı Azərbaycanın COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev bu mövzuda müsbət fikirlər səsləndirmişdir: “Mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq”.
Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan-Bolqarıstan münasibətləri yeni müstəvidə davamlı olaraq genişlənəcək və daha da inkişaf edəcəkdir.