Ümid Şükürov,
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı, Gəncə şəhər Sukanal İdarəsinin Mənbələrin və Su anbarlarının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Ötən əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti məxsusi yer tutur. Bu faciə bəşəriyyət, insanlıq, mənəvi dəyərlər, humanizm əleyhinə törədilmiş bir dəhşətli xəyanət idi.
Qanlı 20 Yanvar günü Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana yeridilən SSRİ-nin xüsusi təlim görmüş və xalqımızın qanına susamış erməni mənşəli əsgərlərin də olduğu qoşunlar Bakı küçələrində guya asayişi qorumaq, rusları millətçi cəbhəçilərin təhqir və ölüm təzyiqlərindən qurtarmaq niyyəti daşısa da, şəhərə girər-girməz qarşılarına çıxan kim varsa, qətlə yetirdilər. Azərbaycan xalqına qarşı tuşlanmış bu faicənin miqyası həm öldürülənlərin içində azyaşlıların, qadınların olması, həm də etnik baxımdan rus, yəhudi olan vətəndaşlarımızın da qətlə yetirilməsində görünürdü. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu sındıra bilmədi.
Azərbaycanı görmək istəməyənlər 20 Yanvardan sonra xalqımızı görməyə, onun əzmini, iradəsini etiraf etməyə məcbur oldular. Həm də 20 Yanvar hadisələri SSRİ-nin tam çöküşünün, məhvinin əsasını qoydu.
Xalqımızın dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar 1990-cı il) öz həyatını təhlükə və risk altına qoyaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, tarixi bəyanatla çıxış etdi, başda Qorbaçov olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. Bu hadisə, bu addım həmin günlərdə Azərbaycan xalqına böyük mənəvi dəstək oldu, ona güc verdi, onun ruhuna ruh qatdı, mübarizə əzmini birəbeş artırdı, istiqlal mücadiləsini daha da coşdurdu, alovlandırdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
20 Yanvar gecəsində həlak olan Vətən oğulları Azərbaycanın tarixində parlaq səhifə yaratdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nə qədər Azərbaycan var, azərbaycanlılar var, 20 Yanvar faciəsi və eyni zamanda, bu qəhrəmanlıq salnaməsi unudulmayacaqdır!