Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə hamı eyni dərəcədə kükrəyən dəlisov bir ruhla tilsimlənmişdi və hər kəsin ürəyi Bakının qaranlıq çökən küçələrində məşəl kimi alışıb yanırdı.
Hamı hədəfdə idi və kimsə də qurtulub qaça bilməzdi. Evlərinin içindən vahimə ilə səmanı süngüləyən kor güllələri izləyənlər də aciz idilər.
Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar.
Yanvarın 22-də Bakı, bütün Azərbaycan azadlıq şəhidləri ilə vidalaşdı. Respublikada üç günlük matəm elan olunmuşdu. “Azadlıq meydanı”nda böyük matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildilər.
20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi.
Vaxtında lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz onun təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
İndi, o qanlı gecədən 35 il sonra dönüb geri baxanda fərqli səhnələri görürsən. 44 günlük müqəddəs müharibənin içindən 1990-cı ilin yanvar qətliamına baxanda xalqın, dövlətin və liderin azadlığa gedən yollarının hansı uçurumlardan keçdiyini və bu şanlı müharibədə bu xalqın hansı mərdliklə, hansı rəşadətlə ölümün üstünə dik şığımalarının şahidi olursan. Ali Baş Komandanın, ordunun və xalqın möhtəşəm vəhdəti ən müasir döyüş qaydalarının, ən müasir silahların tətbiqi ermənilərə diz çökdürdü. Və bütün dünya bizi qalib kimi alqışladı. Əgər 20 Yanvarda hər verdiyimiz qurban bizi daha ağır sarsıntılara məruz qoyurdusa, 44 günlük müharibədə verdiyimiz 3 minədək şəhidin hər biri qələbəmizin üfüqlərində günəş kimi parladı.
Biz 20 Yanvarda dəniz kimi çalxalanan Bakıda özümüz də bilmədən ölümün ağuşuna atılırdıq. Beləcə, hər kəs öz əcəli ilə vuruşurdu. Biz xalq idik, ölümünə sevinən, vahimələnməyən xalq. O gecə kimə və nəyə tərəf qaçdıqlarını bilməyən yüz minlərlə insan bir istiqlaliyyət himnini bəstələyirdilər. Biz o himnin sədalarını 30 illik həsrətdən sonra Qarabağ döyüşlərində heyranlıqla eşitdik və dinlədik.