Avstriya tarixən beynəlxalq aləmdə diplomatik danışıqlar və görüşlərin keçirildiyi əsas məkanlardan biri kimi tanınır. Vyana Konqresindən (1814-1815) başlayan bu ənənə müasir dövrümüzədək davam etməkdədir və bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Vyana şəhərində münaqişə, siyasi böhran və beynəlxalq məsələlərlə bağlı tez-tez toplantılar keçirilir.
Bu baxımdan martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün məhz Vyanada keçirilməsi də təsadüfi sayılmamalıdır. Azərbaycanı Cənubi Qafqazda Avstriyanın ən vacib ticari tərəfdaşı kimi dəyərləndirən Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen də danışıqlar prosesinə töhfə verməyə maraqlı olduqlarını qeyd edib. O, öz “Twitter“ səhifəsində ölkəsi və paytaxt Vyananın Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Xüsusən vurğulanmalıdır ki, Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş ölkəmizin növbəti diplomatik uğurudur. Görüş və dövlətimizin başçısının Avstriyaya işgüzar səfəri bir neçə məqamı ilə diqqəti çəkir. İlk növbədə, bu görüş Ermənistanın yeni siyasi rəhbərliyi hakimiyyətə gəldikdən sonra dövlət rəhbərləri arasında ilk rəsmi görüş idi. Bu görüşün iki dövlətin rəhbərləri arasında keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar məhz Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.
Digər tərəfdən isə bu görüş uzun müddətdən bəri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan ilk görüş idi. Ermənistanda siyasi dəyişikliklər fonunda qarşı tərəf danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Yerevanın səsləndirdiyi və formatla bağlı verdiyi bəyanatlardan belə bir qənaətə gəlmək olurdu ki, ermənilər əvvəlki siyasətlərinə uyğun olaraq, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi leqallaşdırmağa və eyni zamanda, nizamlanmanın məğzini təşkil edın məsələlərin müzakirəsindən yayınmağa çalışırlar. Lakin martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində, dəfələrlə formatın dəyişilməzliyini vurğuladı.
Qeyd edilməlidir ki, Vyanada dövlətimizin başçısı və Ermənistanın baş naziri arasındakı təkbətək görüş iki saatdan çox çəkdi. Daha sonra görüşə həmsədrlər və hər iki ölkənin xarici işlər nazirləri də qatıldı, ümumilikdə üç saatdan artıq müddətdə danışıqlar aparıldı.
Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə beştərəfli bəyanat verildi. Eyni zamanda, bu bəyanatın hər iki ölkənin xarici işlər nazirlərinin də adından verilməsi bu münaqişədə yalnız iki tərəfin mövcud olduğunu bir daha bariz şəkildə təsdiqlədi.
Birgə bəyanat Vyana görüşünün substantiv xarakter daşıdığını və əhatəli olduğunu göstərir. Ermənistanda parlament seçkilərindən sonra eyforiyada olan ölkə rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında yaratdıqları qondarma rejimi hər bir vəchlə leqallaşdırmaq üçün formatın dəyişdirilməsi istəyini açıq-aydın büruzə verirdi. Birgə bəyanat, ilk növbədə, Ermənistan tərəfinin son dövrdə danışıqların formatının dəyişdirilməli olduğuna, bunun baş vermədiyi müddətdə münaqişənin mahiyyəti üzrə danışıq apara bilməyəcəklərinə dair verdikləri bəyanatların iflasa uğradığına dəlalət edir. Vyana görüşü bu istəyin əsassız olduğunu və onun reallaşdırılmasının mümkün olmadığını Ermənistan tərəfinə nümayiş etdirdi. Prezident İlham Əliyev də görüşdən sonra verdiyi açıqlama bildirdi ki, danışıqlar formatı dəyişməz qalır.
Birgə bəyanatda aydın şəkildə vurğulanır ki, iki ölkənin lideri nizamlanma prosesinin əsas məsələləri və mahiyyəti barədə ideyalara dair fikir mübadiləsi aparıblar. Həmçinin onlar münaqişənin həllinə nail olmaq üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar ki, bu da məhz Azərbaycan tərəfinin hər dəfə israr etdiyi məsələdir. Təsadüfi deyil ki, görüşün yekunlarını şərh edərkən Azərbaycan Prezidenti danışıqların məhz nəticəyönümlü olmasının zəruriliyini vurğulayıb.
Bəyanatda iki ölkə liderinin öz xarici işlər nazirlərini danışıqları davam etdirməyə dair təlimatlandırdığı və həmçinin öz aralarında birbaşa dialoqu davam etdirəcəkləri əksini tapır. Bu da o deməkdir ki, danışıqların dondurulması üçün Ermənistan tərəfinin irəli sürdüyü müxtəlif bəhanələr iflasa uğrayıb, bu ölkənin rəhbərliyi danışıqların məhz hazırkı formatda davam etdirilməli olduğunu qəbul etməyə məcbur olub. Bu kontekstdə Azərbaycan Prezidentinin Vyana görüşünün danışıqlar prosesi üçün yeni impuls olduğuna dair fikirləri xüsusilə vurğulanmalıdır.
Eyni məsələnin birgə bəyanatda da əksini tapması Azərbaycan tərəfinin öz mövqeyini prosesin digər iştirakçılarına qəbul etdirdiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Bəyanatda diqqət çəkən digər bir məqam münaqişə tərəfləri arasında humanitar xarakterli addımların atılmalı olduğunun qeyd edilməsidir. Məlum olduğu kimi, bu məsələ, xüsusilə əsir və girov götürülmüş şəxslərin “hamının hamıya” prinsipi ilə mübadiləsi, itkin düşmüş şəxslərə dair məlumatların mübadilə edilməsi də məhz davamlı olaraq Azərbaycan tərəfinin qaldırdığı məsələdir. Bu, ehtimal etməyə əsas verir ki, girov götürülmüş azərbaycanlı mülki şəxslərin qaytarılması məsələsi bu dəfə də Azərbaycan tərəfindən prinsipial olaraq qoyulub və bu istiqamətdə addımların atılmalı olduğu həmsədr ölkələr tərəfindən qəbul edilib.
Azərbaycan Prezidenti görüş barədə danışarkən vurğuladı ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verdiyinə görə, bu görüş mühüm əhəmiyyət kəsb edir. Danışıqlar formatının dəyişdirilməsini rədd edən Azərbaycan tərəfi substantiv və konkret nəticələrə yönələn danışıqlar prosesinin davam etdirilməsinə tərəfdardır: “Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.
Buradan görünür ki, danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in müvafiq qətnamələri və sənədləri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Beştərəfli formatda yayılmış bəyanatdan belə bir qənaətə gəlmək olur ki, tərəflər, həmçinin nizamlanma prosesinin əsas məsələləri və mahiyyətini təşkil edən ideyalar ətrafında da müzakirələr aparıblar. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan münaqişənin nizamlanmasında ən maraqlı tərəfdir və buna görə də məhz nəticəyə yönəlmiş məsələlərin müzakirəsinin vacibliyini vurğulayır. Bu mənada Prezident İlham Əliyevin TASS informasiya agentliyinə müsahibəsinə bir daha müraciət etmək lazım gəlir. Belə ki, dövlətimizin başçısı bildirdi ki, danışıqlar nəticəyə yönəlməlidir. Azərbaycan üçün bu, ilk növbədə, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsidir. Başqa sözlə, əvvəlki tanışlıq görüşlərindən fərqli olaraq, bu dəfə iki dövlət başçısı münaqişənin birbaşa nizamlanmasına aid olan məsələləri ilk dəfə ətraflı müzakirə etdikləri qənaətinə gəlmək olur.
Beştərəfli bəyanatda diqqəti çəkən digər bir məqam isə iki dövlət rəhbərinin sülhə şərait yaradan ab-havanın yaradılmasının və münaqişənin nizamlanması üçün ciddi və konkret addımların atılmasının vacibliyini qeyd etməsidir. Bununla bağlı xatırlatmaq yerinə düşər ki, Ermənistanın bir sıra ayrı-ayrı rəsmilərinin Azərbaycanın işğal altında saxladıqları torpaqlarının bir qarışının da qaytarmayacaqları barədə bəyanatları sülh ab-havasını yaratmır. Azərbaycan XİN bu səpkili bəyanatların danışıqlara və sülh prosesinə zərbə vurduğunu dəfələrlə qeyd edib. Vyana görüşündə beştərəfli formatda sülh ab-havasının yaradılmasının vacibliyinin bildirilməsi Ermənistan tərəfini bundan sonra öz bəyanatlarında ehtiyatlı olmağa vadar edə bilər.
Bu mənada, Vyana görüşü təsdiqlədi ki, danışıqların əsas məqsədi münaqişənin həll edilməsindən ibarət olmalı və nizamlanma Azərbaycan torpaqlarının işğaldan azal edilməsi və məcburi köçkünlərin geri qayıtması ilə nəticələnməlidir. Azərbaycan milli maraqlarından irəli gələn prinsipial, qətiyyətli və ədalətli mövqeyi üzərində möhkəm dayanaraq onu uğurla müdafiə edir.
Görüşün Aprel döyüşlərinin ildönümü ərəfəsində baş tutması Ermənistanın yeni rəhbərliyi üçün mesaj kimi də dəyərləndirilə bilər. Aprel döyüşləri danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan əsgərinin öz torpağını düşmən tapdağından azad etməyə hər an hazır olduğunun bariz nümunəsidir.
Yekunda bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, uzun fasilədən sonra iki ölkə rəhbərinin ilk rəsmi görüşünün məhz Vyanada keçirilməsi rəmzi xarakter daşıyır. Məlum olduğu kimi, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə danışıqlar prosesində vasitəçilik üçün mandat verilmiş ATƏT-in mənzil-qərargahı bu şəhərdə yerləşir. Bu xüsusda görüşün Vyanada təşkili danışıqların məhz ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığına və aparılacağına dair ictimai mesaj kimi qəbul edilə bilər. Bu isə o deməkdir ki, müxtəlif spekulyasiyalara baxmayaraq, danışıqların əsasını məhz BMT və ATƏT-in məlum qərar və sənədləri təşkil edir, münaqişənin yekun həlli də bu qərar və sənədlərdə əks olunmuş norma, prinsip və elementlər əsasında mümkündür. Bu sırada BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, ATƏT-in Helsinki Yekun Akti, münaqişənin həllinin formatı və prinsipial çərçivəni müəyyən edən 1992-ci il Helsinki, 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərinin qərar və sənədləri xüsusilə vurğulanmalıdır.
* * *
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri, həmçinin Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində dövlət başçısı Avstriyanın Federal kansleri, Avstriyanın Federal Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı ki, bu format hökumət və işgüzar dairələrin təmsilçilərindən ibarət olmaqla, gələcək qarşılıqlı maraq doğuran iqtisadi layihələrin həyata keçirilməsində yeni platformaya çevriləcək. Şuranın Məşvərət Heyətində hər iki tərəfin nazirlərinin təmsil olunması yeni təsis edilən quruma göstərilən maraq və siyasi dəstəyin bariz nümunəsidir. Məşvərət Heyətinin ilk iclasında Avstriyanın Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlı olduğu vurğulanıb, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdə olan Azərbaycanın Avropa və Uzaq Şərq arasında iqtisadi əlaqələrin inkişafında Avstriya şirkətləri üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi bu imkandan da yararlanmaqda maraqlıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana