Ramil Orucov
44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı sürətlə dirçəltməyə başladı. Prezident cənab İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Laçın da bərpa olunur, cənnətə çevrilir. Laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçında yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi, rayon ərazində aparılan tikinti-bərpa işləri isə onu göstərir ki, artıq laçınlıların öz doğma yurdlarına qayıtmalarına az qalıb.
Mənfur düşmənin Laçın şəhərini işğal etməmişdən əvvəl burada 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Artıq şəhərin baş planına uyğun olaraq yeni, müasir standartlara uyğun evlər tikilir, şəhərinin bütün infrastrukturu yenidən qurulur. Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid inşaa ediləçək.
Martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edərkən Prezident cənab İlham Əliyev bildirib ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.
Bəli, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şərait yaradılır.