Azərbaycan Texnologiya Universitetinin Yüngül Sənaye mühəndisliyi və logistika” fakultəsinin “Mexanika və metallurgiya” kafedrasında 10 noyabr – Dünya Elm Günü münasibəti ilə tədbir keçirilib.
Kafedranın müdiri dosent Musa Cəfərov çıxış edərək, bildirib ki, Dünya Elm Günü bu il “Elm insan hüququdur” devizi altında qeyd olunur. Bu mövzu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə və UNESCO-nun elmi-tədqiqat sahəsində çalışanların statusu haqqında Tövsiyəsinə (1974, 2017-ci illər) həsr edilib. Builki mövzu hər kəsin elmi fəaliyyət göstərmək və elmin cəmiyyət həyatında yaratdığı rifahdan bəhrələnmək hüquqlarını dünya ictimaiyyətinə xatırladır.
Tədbirdə Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahələrində mühüm nailiyyətlər qazandığı qeyd edilib. Vurğulanıb ki, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahələrinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahələrində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahələrində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin çoxalmasına münbit şərait yaradır.
Elm Gününə həsr edilmiş tədbir nəşr olunmuş dərs vəsaitləri, elmi məqalələr, proqramlar,metodiki vəsaitlər və s.haqqinda müzakirələrlə davam edib.