“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyətində Ermənistana xüsusi münasibəti ilə fərqlənib. Təşkilat indiyədək bu ölkədə mandatına uyğun olmayan fəaliyyətlə məşğul olub”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın məlum qərarından sonra USAİD-ın Ermənistandakı fəaliyyəti dayandırılıb. Qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub. Məlumdur ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb.
Millət vəkilinin sözlərinə görə, USAİD-in rəhbərliyi Ermənistana xüsusi “diqqəti” ilə seçilib. Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu “diqqət” daha da artmışdı. Qurumun rəhbəri Samanta Pauerin davamlı olaraq İrəvana səfərləri də bunu təsdiqləyir. Ötən ilin yayında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Guya bu vəsaitin “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcəyi” bildirilirdi. Qurumun rəhbərliyi torpaqlarını öz gücünə azad edən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdən də çəkinməyib.
Pərvin Kərimzadə qeyd edib ki, USAİD Ermənistanın işğalçı siyasəti nəticəsində 30 il doğma yurdlarından didərgin düşmüş azərbaycanlılara heç bir dəstək göstərməyib: “Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra təşkilat rəhbərlərinin qərəzli mövqeyi bir sıra məqamları ortaya çıxardı. Yəni, USAİD işğalçı Ermənistanın mövqeyini dəstəkləməklə, onun işğalçı siyasətini də dəstəkləyib. Lakin artıq qurumun fəaliyyətinin dayandırılması Ermənistana ciddi zərbə oldu. Çünki xarici yardımlar hesabına yaşayan Ermənistan böyük maliyyə və siyasi dəstəyini itirdi. Nəzərə alaq ki, USAİD vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları, o cümlədən radikal müxalifəti maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar da var. Artıq belə bir qeyri-şəffaf fəaliyyətlə məşğul olan təşkilatın fəaliyyətinin dayandırılması təqdirəlayiqdir”.