Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Sərkərdəsiz bir millətin gələcəyindən bəhs etmək mümkünsüzdür. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur.Ümummilli Lider, xalqı özünə, keçmişinə, yaddaşına qaytardı, sabahına nikbinliklə baxmaq qətiyyəti verdi. O, Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının unudulmaz şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan, liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.
Onunadı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. Tarix belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin verdikləri impulslarla irəli gedir, yüksəlir.Təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri onu “canlı əfsanə”, “dahi prezident” adlandırırlar.
Ulu Öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Bu dahi şəxsiyyətin siyasi kursunun ana maddəsi xalqımızın dövlət müstəqilliyi ideyasının gerçəkləşdirilməsindən ibarət olmuşdur. Uzaqgörən dövlət xadimi kimi o, hələ sovet hakimiyyəti illərindən etibarən Azərbaycanın dövlət müstəqilliyinə doğru düşünülmüş qəti addımlar atmışdır.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 3 sentyabr 1991-ci il tarixi milli dövlətçiliyimizin xilası, ölkəmizin gələcəyini müəyyənləşdirən gün kimi xalqımız tərəfindən daim bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Məhz bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiya zamanı deputatların və iclas zalının qarşısına toplaşan minlərlə naxçıvanlının təkidiilə Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummi Lliliderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb dövrünə təsadüf edirdi. Onun liderlik xüsusiyyəti və Naxçıvanı gözlənilən fəlakətlərdən qorudu və bu qədim diyarı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri Naxçıvan ərazisindən çıxarıldı. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atıldı, həmin gün xalqımızın tarixində Ulu Öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı.
Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsiplərinə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geriçəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Bu dahi şəxsiyyətin 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi, təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından tarixi hadisədir.
Gündən-günə inkişaf edən, çiçəklənən respublikamız Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin parlaq bəhrəsidir. Azərbaycan durduqca Ümummilli Lider Heydər Əliyev xalqımızın qəlbində yaşayacaq, onun ideyaları yolumuza daim işıq saçacaqdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır və həmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük dövlətçilik strategiyasını böyük səriştə ilə davam etdirir. Ümumiyyətlə, yeni epoxanın görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezidentimiz İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrə və böyük bələdçidir.
Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, cənab İlham Əliyev qalibiyyət əzmini dövlətidarəçiliyininsarsılmazbaş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Qarabağ torpaqları işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Xalqımızın torpaq həsrətinə son qoyulmuşdur. Zamanında Ulu Öndər tərəfindən cənnətə çevrilən Qarabağın ikinci əbədi dirçəlişi və yüksəlişi başlayır.
Böyük fəxarət hissi və əminliklə qeyd edə bilərik ki, Azərbaycan adlı məmləkət nə qədər mövcuddursa, Ümummilli Lider Heydər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır. Onun ideyaları həmişə Azərbaycanın milli maraqlarının və tərəqqisinin önündə gedəcək.