Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ümummilli Liderin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında onun böyük səyləri olmuşdur.
Azərbaycan gənclər siyasətinin əsasını qoyan Ulu Öndər mütəmadi olaraq, gənclərlə görüşlər keçirirdi. Bu mühüm görüşlərdə o, bütün dövrlər üçün aktual olan tövsiyə və məsləhətlərini səsləndirir, eyni zamanda, gənclərin fikirlərini dinləyirdi. Belə bir mühitdə gələcəkdə böyük uğurlara imza atacaq Azərbaycan gəncliyi formalaşırdı.
Müstəqil Azərbaycan Respublikası gənclərinin I forumundakı məşhur nitqində Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Ümumi bəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”.
Azərbaycan gəncləri məsələsinə həmişə böyük qayğı ilə yanaşan Azərbaycan xalqının Ulu Öndəri onlarla görüşür, Respublika gəncləri tərəfindən hərarətlə qarşılanan dahi Lider söylədiyi nitqlərində gənclərə yüksək qiymət verərək, bildirirdi ki, gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər.
Dahi Öndərimizin 29 iyul 1999-cu il tarixində imzaladığı “Dövlət Gənclər Siyasəti Haqqında” fərman bütün ölkə gəncliyi üçün əvəzsiz töhfə olmuşdur.
Ümummilli Liderimiz yeni nəsil kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Çünki yaxşı bilirdi ki, istedadlı, savadlı kadrlar olmadan qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək mümkün deyildir. Odur ki, Azərbaycanın bu gününə və gələcəyinə xidmət göstərəcək kadrların hazırlanması və yetişdirilməsi üçün bir sıra gərəkli işlər gördü.
Dahi Liderin xarici ölkələrdə oxutdurduğu gənclər indi, XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Ulu öndər Heydər Əliyev “Azərbaycanın milli-mənəvi dəyərləri ona görə qüdrətlidir ki, o, torpaq uğrunda canlarından keçən gənclər ordusu yetişdirmişdir” deyirdi.
Milli kadr siyasətinin həyata keçirilməsi və hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilərkən, heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin qızıl payızında yüngül silahlarla Şuşanın sıldırım qayalarına dırmaşan Azərbaycan Ordusuna məhz Ulu Öndərin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək.
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətini davam etdirən Prezidentimiz cənab İlham Əliyev keçmişə ehtiramla yanaşmaq, onu dərindən bilmək və onun ən müsbət nümunələrini gənclərin mənəvi və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etməyi günümüzün ən vacib vəzifələrindən sayır.
Bu gün Ulu Öndərin əsasını qoyduğu Azərbaycan gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və yeni qələbələrə imza atır.