Gəncə Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin final və təltifetmə mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Gənclər Evi və “BOKT Viator Mikrokredit Azərbaycan”ın təşkilatçılığı ilə həyata keçən tədbirdə millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, “BOKT Viator Mikrokredit Azərbaycan”ın icraçı direktoru Aynur Əliyeva, Gəncə Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Mehdi Hüseynov, “BOKT Viator Mikrokredit Azərbaycan”ın Maliyyə meneceri Ruslan Qarayev, “BOKT Viator Mikrokredit Azərbaycan”ın Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Nail Abbasov, Gəncə- Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclər sektorunun müdiri Rəşad Əlizadə və gənclər iştirak ediblər.
Əvvəlcə müsabiqəyə təqdim edilən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir iştirakçıları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, Onun dövlətçiliyimizin xilaskarı olmasından və bu gün dahi şəxsiyyətin uğurlu siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyindən danışıblar.
Qeyd edək ki, 50 nəfərin qatıldığı müsabiqəyə 100-ə yaxın rəsm əsəri təqdim olunub. Üç hissədən ibarət olan müsabiqənin birinci hissəsində 32, ikinci hissəsində isə 11 əsər seçilib. Müsabiqənin final mərhələsində 4 gənc rəssam qalib adına layiq görülüb.
Sonda qaliblərə diplom və mükafat təqdim edilib. Eyni zamanda müsabiqənin 7 iştirakçısı sertifikat və hədiyyələrlə təltif olunub.