Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatı sədrinin müavini
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman diqqətdə saxlayırdı. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmişdir. Azərbaycan Gəncləri Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdirdi. Məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdir.1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu dövrdən başlayaraq dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində bir sıra əməli işlər görüldü. 1996-cı il fevralın 2-də isə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumu keçirildi. Bu forum Azərbaycanda gənclər hərəkatının inkişafına təkan verdi. Forumda Ulu Öndər Heydər Əliyev proqram xarakterli nitqində qeyd etdi ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. 1995-ci ildə Azərbaycanda yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ciilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tam hüquqlu üzv, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi Sosial Şurasına müşahidəçi seçildi.
Bütün bunlar, Heydər Əliyev siyasətinin təntənəsi, onun gəncliyə göstərdiyi etibarın, inamın təzahürü idi. Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinə hər zaman inanırdı. O, 1998-ci ildə ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!”.
Bu gün də dahi Liderin gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqli və uğurlu şəkildə davam etdirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti, güclü Lider İlham Əliyevdir.