Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı addımlar atılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bildiyimiz kimi iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi məqsədilə dövlət başçımız cənab İlham Əliyevin sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Cari ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 da iqlim dəyişiklikləri ilə mübarizədə atılan ən mühüm addımlardan biridir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti beynəlxalq qələbəsidir.
Qeyd edək ki, COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Bu tədbirin Azərbaycanda keçirilməsinin həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyəti vardır.
Bildiyimiz kimi miqyasına görə qlobal tədbir sayılan COP29 uğurla başa çatdı. COP29-un uğurlu nəticələri kimi dövlətimiz iqlimlə bağlı müzakirələrə daha çox diqqətlə yanaşacaq, qlobal, regional, milli və sub-milli qrupları da bu prosesə cəlb etmək, dayanıqlı inkişafı hərtərəfli nəzərdən keçirmək və inklüziv nəticələri gerçəkləşdirən inklüziv proses çərçivəsində bütün demoqrafik qruplara həssas münasibət göstərəcəkdir.
Tədbirin ən mühüm müsbət nəticələrindən biri olaraq, ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Gələcəkdə turizm sahəsində müəyyən keyfiyyət dəyişikliyi gözlənilir. COP29-un Azərbaycanda keçirilməsi daha bir mühüm təcrübə kimi ökəmizə yaxın və uzaq perspektivdə çox sayda faydalar vəd edir.
Uğurla yekunlaşan tədbir ölkəmizdəki siyasi və iqtisadi sabitliyi də dünyaya nümayiş etdirdi. Şübhə yoxdur ki, COP29 nəticələrinə görə tarixdə uğurlu mərhələ kimi yadda qalacaq.