Türkiyənin Kafkas Universitetinin rəhbər nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.
Səfər çərçivəsində Kafkas Universitetinin rektoru Hüsnü Kapu, beynəlxalq əlaqələr üzrə prorektor Engin Kılıç, Baytarlıq fakültəsinin dekanı Mete Cihan və Tibbi Mikrobiyoloji bölümünün professoru Özgür Çelebi ADAU rəhbərliyi ilə görüşüblər.
İşgüzar görüşdə qonaqları salamlayan ADAU-nun rektoru Zəfər Qurbanov ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluq duyduğunu və mövcud səfərin qarşılıqlı əlaqələrin inkişafı baxımından yüksək səmərə verəcəyini diqqətə çatdırıb. Rektor Aqrar Universitetdə mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən və perspektiv planlardan danışıb.
Söhbət zamanı hər iki universitet arasında ikili diplom məsələsi, baytarlıq sahəsində tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri də ətraflı müzakirə edilib.
Hüseyn Kapu rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işləri də diqqətə çatdıraraq ADAU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.
İşgüzar görüşdən sonra qonaqlar Dövlət Aqrar Universitetinin müasir laboratoriyaları, tədris korpusları, tələbə yataqxanası və s. ilə yaxından tanış olublar.