Tovuz Rayon İcra Hakimiyyətinin və YAP Tovuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tovuz şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi yad edilib. Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib. Ümummilli Liderin həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən Məmməd Məmmədov, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov “Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrildi”, Rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, RİH başçısının Hacıalılı kənd İƏD üzrə nümayəndəsi Sahib Quliyev “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müasir dövlət idarəçiliyinin banisidir”, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Yanıqlı kənd A.Hüseynov adına tam orta məktəbin direktoru Xəyal Poladov “Təhsil millətin gələcəyidir” mövzusunda məruzələri dinlənilib.
Yekunda Məmməd Məmmədov müasir dövrdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayıb, müasir dövrün reallıqlarına uyğun yeni keyfiyyət müstəvisində Azərbaycan tarixinin şanlı və qürurlu səhifələrinin yazılmaqda davam etdiyini bildirib, Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinin və təbliğinin vacibliyini qeyd edib. Eyni zamanda bildirib ki, Heydər Əliyev ideyalarına sədaqətimizi öz əməli işlərimizlə nümayiş etdirmək hər birimizin borcudur.
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.