“ATS Food” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün xüsusi təqaüd təsis edilib.
ATU tələbələri üçün xüsusi təqaüd Azərbaycan Texnologiya Universiteti (ATU) ilə çörək və un məmulatlarının istehsalı üzrə ixtisaslaşan “ATS Food” MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təsis olunub.
Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla “ATS Food” MMC-nin icraçı direktoru Tural Hacıyev arasında keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin “Qida mühəndisliyi”, “Şərabçılıq” və “Ekologiya mühəndisliyi” ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub.
Həmçinin görüşdə ötən ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumunun reallaşdırılması imkanları, perspektivlər, birgə kadr hazırlığı və tədbirlərin keçirilməsi diqqət mərkəzində olub. Görüş çərçivəsində ATU nümayəndə heyəti “ATS Food” MMC-yə məxsus “Çörəkçi” zavoduna da səfər ediblər. Müəssisənin fəaliyyəti, istifadə olunan texnologiyalarla tanışlıq olub, ATU tələbələrinin istehsalat təcrübəsinin təşkili müzakirə edilib.
Qeyd edək ki, ATU tələbələri üçün xüsusi təqaüd ötən ilin dekabrında mövcud əməkdaşlıq çərçivəsində “Azəralüminium” MMC tərəfindən də təsis olunub. Ümumiyyətlə, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.