Azərbaycan Texnologiya Universitetində (ATU) 27 Sentyabr – Anım Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.
Tədbirdən öncə universitetin həyətində ATU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.
Sonra fəxri qonaqlar və ATU-nun kollektivi üçün “44 Gün, 44 An” adlı sənədli film nümayiş etdirilib.
Çıxış edən universitetin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qüdrətindən, mübariz əsgər və zabitlərdən, o cümlədən ATU-nun Vətən müharibəsində iştirak edən şəhid məzun və tələbələrindən danışıb.
YAP Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov isə çıxışında Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsindən, İkinci Qarabağ müharibəsində şəhid və qazilərin misilsiz qəhrəmanlıqlarından bəhs edib.
Şəhid Nurhan Abbasovun anası Səidə Abbasova çıxış edərək öz hisslərini bölüşüb.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinin I kurs tələbəsi, Vətən müharibəsi şəhidi Anar Qarayevin qardaşı Allahverdi Qarayev, şəhid Mehrab Əliyevin qardaşı, Vətən müharibəsi iştirakçısı Şöhrət Əliyev, Azərbaycan Texnologiya Universitetinin tələbəsi, qazi Gündüz Abdullayev 44 günün həm ağrılı, həm də qürurlu anlarından danışıblar.
ATU-nun qazi məzununun valideyni, eyni zamanda Maşın mühəndisliyi və logistika kafedrasının müdiri dosent Şakir Əliyev və universitetinin əməkdaşı, I Qarabağ müharibəsi qazisi İsfəndiyar Hacıyev həmin illəri bir daha xatırlayaraq, bütün şəhidlərə Allahdan rəhmət diləyib, şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.