Cavid Bağırzadə,
YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent
Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm mövqeyi ilə seçilən və geniş sosial bazaya malik olan Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək şərəfli inkişaf və yüksəliş yolu keçmişdir.Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycan cəmiyyətində siyasi sistem yaradılmış oldu. Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mədəniyyətin, siyasi mübarizə qaydalarının, siyasətin sivil yollarla aparılması ideyalarının əsasını qoydu və bununlada ölkədə hələ ilk vaxtlarda böyük əks-səda yaratdı, cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Təsadüfi deyildi ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Respublikasında, eləcə də Cənubi Qafqazda ən böyük siyasi qüvvədir.
Yaranması, formalaşması və mütəşəkkil siyasi mərkəzə çevrilməsinin mühüm bir dövrü Ulu Öndər Heydər Əliyevlə bağlı olan Yeni Azərbaycan Partiyası artıq cəmiyyətin həyatının bütün sahələrinə siyarət etməklə siyasi həyatımızın lider partiyası olaraq daim möhkəmlənir, inkişaf və tərəqqinin lokomotivinə çevrilir. Qısa bir vaxtda zəngin siyasi mübarizə yolu keçmiş Yeni Azərbaycan Partiyasının 31 yaşı tamam olmuşdur. Tarix üçün çox qısa zaman kəsiyi olan bu müddət ərzində Azərbaycan xalqının taleyində önəmli rol oynayan partiya nəyə qadir olduğunu, hansı siyasi çəkiyə malik olduğunu göstərməklə, xalqımızın taleyində öz mövqeyini, əhəmiyyətini təsdiq edib. Müasir tariximizin hər anı Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır.
Yeni və mütəşəkkil siyasi qüvvənin- Yeni Azərbaycan Partiyasının yaranması və siyasi həyata daxil olması ümidsizliyə qapılmış əhalinin qəlbində sabaha inam oyatdı. Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının və onun liderinin simasında dünənə qədər ona əlçatmaz görünən problemləri həll edə biləcək siyasi qüvvəni, ən başlıcası isə məğlubedilməz sərkədəsini görürdü.
Yeni Azərbaycan Partiyasının yaranması dünyada və regionda mühüm geosiyasi proseslərin getdiyi və ölkəmizdə tarixi dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. Buna görə də Yeni Azərbaycan Partiyası özünün siyasi-ideoloji fəliyyət prinsiplərini müəyyənləşdirərkən dünyada gedən siyasi proseslərin əsas inkişaf meyillərini, onun mahiyyətini daim diqqət mərkəzində saxlamışdır. Əslində Yeni Azərbaycan Partiyasını ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyalardan fərqləndirən cəhətlərdən biri də onun realist və praqmatik siyasətə əsaslanması və öz fəliyyətni dünya siyasətinin inkişaf meyillərinə nəzərən müəyyənləşdirməsidir. Eyni zamanda, bu partiyaya ulu öndər Heydər Əliyev kimi görkəmli tarixi şəxsiyyətin, siyasi varis olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etməsi onun güclü siyasi təşkilat kimi əldə etdiyi uğurların əsasında dayanır. Özünün siyasi fəlsəfəsinə görə cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı olan və Azərbaycanın tərəqqisini demokratiyada görən Yeni Azərbaycan Partiyasının tutduğu mövqe mütərəqqi xarakter daşıyır. Məhz bu cür mövqe tutmaq partiyanın Azərbaycan xalqı qarşısında üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirilməsinə təminat yaradır.
Yeni Azərbaycan Partiyasının təsis edilməsindən sonra onun keçdiyi yola ötən dövrdə geniş və hərtərəfli şəkildə qiymət verilmişdir.Ümummilli Liderimiz Heydər Əliyev partiyanın I qurultayında həmin tarixi hadisələri xatırlayaraq demişdi: ”…Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans… Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır… Bizim partiya sağlam düşüncə, sağlam fikir- xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.”
Yaxın 30 ilin tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyası dünyada mövcud olan demokratik nəzəriyyələri, müstəqil, demokratik dövlətin yaradılması ilə bağlı olan beynəlxalq təcrübələri dərindən öyrənmiş və sivil Azərbaycan cəmiyyətinin formalaşmasını qarşısına əsas məqsəd qoymuşdur. Müasir dövrün tələblərini nəzərə alaraq, ölkə vətəndaşlarında ümumbəşəri dəyərlərə əsaslanan geniş dünyagörüşü yaratmaq və onu həyat tərzinə çevirmək Yeni Azərbaycan Partiyasının əsas siyasi- ideoloji fəaliyyət istiqamətlərindən birini təşkil edir.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarında bildirirdi: “Siz artıq fırtınalardan çıxmısınız. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, birləşmisiniz, ayaq üstə möhkəm dayanmısınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm…Əgər Yeni Azərbaycan Partiyası bir ideya, məslək ətrafında birləşmişdirsə, həmin ideyanı, məsləki hər şeydən üstün tutmaq lazımdır, əlbəttə ki, ədalətsizliyə qarşı mübarizə aparmaq lazımdır”.
Ulu Öndər Heydər Əliyev bu məsələlərlə bağlı 1997-ci ildə deyirdi: “Hamı bilsin, -bu partiyaya hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Yalnız milli çərçivədə olan partiya deyil, Yeni Azərbaycan Partiyası millətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün doğma partiyadır ”.
Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. Yaradılmasının 31-ci ildönümünü qeyd edən bu partiyanın Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox taleyüklü problemlərinin aradan qaldırılmasında oynadığı həlledici rol həm də xalqımızın tarixinin şanlı səhifələrindən birinə çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə tarixi proses adlanan məcmuluğun daxili məntiqindən qaynaqlanan bir zərurət idi. İmperiyanın süqutu həm endogen, həm də ekzogen xarakterli amillər kompleksi arasında tarazılığın kəskin şəkildə pozulmasına, nəinki dövlətçiliyin, hətta milli mövcudluğun təhlükə altına düşməsinə gətirib çıxarmışdır. Sözügedən tarixi dövrdə müxtəlif məqsədlərə xidmət edən naşı, səriştəsiz siyasi qüvvələrin meydan çıxması isə onsuz da mürəkkəb olan situasiyanın daha da gərginləşməsinə, bütün ölkə miqyasında xaotik proseslərin sürətlə intensivləşməsinə səbəb olmuş, eləcə də separatçı təmayüllərin güclənməsi fonunda Azərbaycanın varlığı böyük təhlükə ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılmasını ulu öndər Heydər Əliyevin Azərbaycanı üzləşdiyi problemlərdən xilas etmək yolunda atdığı müdrik addımlardan biri kimi qiymətləndirilməlidir.
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətin təzahürü idi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaranması xalqın çox hissəsinin respublikamızı düşdüyü vəziyyətdən çıxarmaq üçün və artıq mövcud olan partiyalara və təşkilatlara inamları olmadıqlarına görə yeni bir partiyanın yaranması ilə əlaqədar ayrı-ayrılıqda fikirlərinin, arzularının cəmləşməsi və nəhayət, formalaşması nəticəsində olmuşdur. Bir adam, bir qrup adam yox, Azərbaycanın, demək olar ki, bir çox bölgələrində – Bakıda, başqa böyük şəhərlərdə, rayonlarda, yaşayış məntəqələrində ayrı-ayrı adamlar bir-biri ilə əlaqəsi olmadan belə bir fikrə gəlmişdilər.
Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. O vaxtdan keçən illər ərzində ulu öndərin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi uğurların əldə olunmasında, demokratik cəmiyyətin qurulmasında, uğurlu dövlət quruculuğu siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyası öz lideri ilə birlikdə başlıca rol oynamışdır.