Hazırda 112 qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəricisindən 81-i üzrə məlumatları Dövlət Statistika Komitəsi, qalan 31-i üzrə məlumatları isə digər dövlət qurumları hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
“Bu məlumatlar Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən hazırlanaraq Dövlət Statistika Komitəsinə təqdim edilir. DİM göstəriciləri üzrə məlumat istehsalında əsasən ənənəvi məlumat mənbələrindən istifadə olunsa da, hazırda beynəlxalq aləmdə məlumatların alternativ mənbələr əsasında toplanılması praktikası getdikcə genişlənir və inkişaf etmiş bir çox ölkələrdə bəzi DİM göstəricilərinin monitorinqində peyk məlumatlarından istifadə edilir. Son 2 ildə ölkəmizdə də belə təcrübə tətbiq edilib. 2021-ci ildə “Azərkosmos”la aparılan işlər nəticəsində 15.4.2-ci dayanıqlı inkişaf məqsədi, yəni dağların bitki örtüyü indeksi üzrə məlumatların bu yolla əldə olunması təmin edilib”, – deyə T.Budaqov qeyd edib.