Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsi
– Tahir müəllim, çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan diqqətəlayiq müvəffəqiyyətlər əldə edərək milli gücünü artırır. Siyasi ekspertlərin də qeyd etdikləri kimi, bu, bilavasitə Heydər Əliyev siyasətinin real nəticəsidir. Məhz bu siyasət əsasında Azərbaycanın yüksək nüfuz qazanmasını və dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm amillərdən biri də beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyadır. Azərbaycan-Türkiyə əlaqələri isə mühüm bir reallıq kimi tamamilə fərqli məzmun və müstəsna əhəmiyyət kəsb etməklə bu kontekstdə xüsusi yer tutur. Bu barədə nə deyə bilərsiniz?
– Bəşər tarixi sübuta yetirmişdir ki, yalnız zəngin idarəçilik təcrübəsinə, möhkəm əqidəyə, prinsipial mövqeyə, xalqın birmənalı dəstəyinə, milli etimada malik lideri olan dövlətlər uğur qazanır, möhtəşəm nailiyyətlərə imza ataraq adlarını tarixə həkk etdirirlər. Dövlətçilik tariximizin son yarıməsrlik dövrü – həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edən mərhələsi Heydər Əliyev siyasətinin Azərbaycan xalqının və dövlətinin taleyində hansı müstəsna rola və əhəmiyyətə malik olduğunu təsdiqləyir. İstər zəngin dövlətçilik irsi, istərsə də mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyət – müdrik dövlət xadimi, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim xalqıma, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”,- deyən Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində yüksək vətənpərvərlik ortaya qoyaraq və böyük fədakarlıq göstərərək məhz Azərbaycan naminə çalışmışdır. O, Sovet ittifaqı dönəmində Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına müvəffəq olmuş və gələcək müstəqilliyinin əsaslarını formalaşdırmış, Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuş, milli-mənəvi dəyərlərin qorunmasını, azərbaycançılıq ideologiyasının təşviqini daim diqqətdə saxlamışdır. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrdə də ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqın rifahı və firavanlığı naminə məqsədyönlü işlər görmüşdür. Ulu Öndər müstəqillik illərində isə əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq dirçəlişinə nail olmuş, sonradan da bütövlükdə xaosun hökm sürdüyü Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmış, ölkəyə real müstəqillik qazandırmış, taleyüklü məsələləri həll etmişdir. Ona görə də Ümummilli Lider haqlı olaraq Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin memarı və qurucusu adlandırılır, onun siyasi irsi və ideyaları milli-mənəvi sərvətimiz kimi yüksək dəyərləndirilir.
Bir sözlə, əziz xatirəsini sonsuz ehtiramla andığımız, anadan olmasının 100-cü ildönümünü böyük qürur və minnətdarlıqla qeyd etdiyimiz Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir, siyasi varisliyin təmin olunması isə onun uzaqgörənliyinin ən böyük təzahürüdür. Bilirsiniz ki, Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi naminə müdrik tövsiyələrini vermiş, cənab İlham Əliyevə özü qədər inandığını qeyd etməklə Azərbaycanın gələcəyinə dair baxışını ortaya qoymuşdu. Azərbaycan xalqı öz Liderinə – Vətən naminə həyatını dəfələrlə riskə atan, bütün maneələrə və məhdudiyyətlərə rəğmən, xilaskarlıq missiyası ilə ölkənin qurtuluşunu və yüksəlişini təmin edən Heydər Əliyevə inanırdı. Bu inam və etibar həm də cənab İlham Əliyevin o zamana qədər keçdiyi yoldan, əldə etdiyi uğurlardan qaynaqlanırdı. Ona görə də 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə növbəti dəfə dəstək verərək cənab İlham Əliyevə etimad göstərdi və ötən 20 ilin reallıqları bu inam və etimadı ən yüksək səviyyədə doğrultdu.
Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirilməsi Azərbaycanı sabitlik və sürətli inkişaf yoluna çıxardı, məhz bu siyasət nəticəsində iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən – dünyada söz və nüfuz sahibinə, qlobal dialoq və əməkdaşlıq məkanına çevrilən Azərbaycan Qələbə zirvəsinə yüksələrək adını şanlı Zəfər tarixi yaradan qüdrətli dövlətlər sırasına yazdırdı.
Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər gerçəkliyə çevrilir. Qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – sözü imzası qədər dəyərli olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədləri gerçəkləşdirərək yeni reallıqlar yaradır. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 ildə qazanılan uğurlar nəticəsində dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmamışdır”. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə çoxəsrlik tariximizin ən möhtəşəm hadisəsi və ən böyük Qələbəsidir.
Prezident İlham Əliyev beynəlxalq hüquq normalarını ayaq altına atan, antihumanizm və ədalətsizlik nümunəsi olan işğal faktına və postsovet məkanında “sağalmaz geosiyasi xəstəlik” olaraq xarakterizə edilən, uzunmüddətli problem kimi sabitliyə, təhlükəsizliyə, dinc birgəyaşayışa təhdid yaradan separatizmə birdəfəlik son qoymaqla təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda yeni situasiya yaradıb, həm ölkəmiz, həm də bölgə dövlətləri üçün yeni perspektivlər müəyyən edib. Zəfər tarixi yaratmış Azərbaycanın formalaşdırdığı yeni geostrateji gerçəkliklər, bəşəriyyəti narahat edən aktual məsələlərin həlli ilə əlaqədar irəli sürdüyü təşəbbüslər və atdığı addımlar regionda, türk dünyasında və bütövlükdə qlobal miqyasda yüksək dəyərləndirilir. Xüsusi qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin 2021-ci ildə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağı onun müdrik Lider, qətiyyətli dövlət başçısı və Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsinin, qlobal problemlərlə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələrinin, BMT Təhlükəsizlik Şurası, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü bəşər əhəmiyyətli təşəbbüslərinin yüksək qiymətləndirilməsinin bariz nümunələrindən biridir.
Şübhəsiz ki, bütün bu nailiyyətlərin qazanılmasında cənab İlham Əliyevin yürütdüyü fəal xarici siyasət və məharətli diplomatiyanın müstəsna rolu olmuşdur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanın çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasətinin mühüm prioritetlərindən biri türk dövlətləri ilə münasibətlərin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi olmuşdur. Bu istiqamətdə fəal siyasət həyata keçirilmiş və önəmli nəticələr əldə olunmuşdur. 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ,- hazırda Türk Dövlətləri Təşkilatı adlanır ,- yaradılması, Zirvə görüşlərində aparılan müzakirələr, qəbul edilən qərarlar və digər amillər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin formalaşdırmış, təşkilata yeni üzvlərin qoşulmasını şərtləndirmişdir. Türk Dövlətləri Təşkilatında birləşən, regionda mühüm təsir imkanlarına malik türkdilli dövlətlərin məqsədyönlü fəaliyyətinin önəmi böyük, nəticələri isə səmərəlidir. Bu prosesdə Azərbaycan ilə Türkiyənin rolu isə xüsusi əhəmiyyət daşıyır. Yeni reallıqlar fonunda xüsusilə Azərbaycan ilə Türkiyənin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının qarşıdakı müddətdə geniş təsir imkanlarına malik güc mərkəzinə çevrilməsinə əlverişli şərait yaradır.
Siyasi şərhçilər və tədqiqatçılar birmənalı şəkildə vurğulayırlar ki, dünyada Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri yoxdur. Prezident İlham Əliyevin söylədiyi kimi, “Türkiyə-Azərbaycan münasibətləri bütün dünya ölkələri üçün örnəkdir və ikinci belə dövlətlər yoxdur ki, bütün sahələrdə sıx əməkdaşlıq etsinlər”. Bu, tarixi, siyasi və mənəvi qanunauyğunluq və son illərdə həyata keçirilmiş məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Çünki iki dövləti bir-birinə bağlayan amillər təkcə strateji müttəfiqlik münasibətləri, yaxud yalnız dövlət maraqları – dövlətçilik mənafeləri deyil, eyni zamanda, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz dostluq və qardaşlıq əlaqələridir.
Bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri – cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi sayəsində uğurla inkişaf edir. İki ölkənin münasibətlərində son 20 il ərzində ölçüyəgəlməz inkişaf yolu qət olunub, dostluq, qardaşlıq münasibətləri zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir, iqtisadi-ticari və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP kimi birgə layihələrin reallaşdırılması regional və beynəlxalq təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa mühüm töhfədir.
Azərbaycan ilə Türkiyə bütün taleyüklü məsələlərdə sıx həmrəylik – sarsılmaz birlik nümayiş etdirərək bir-birinin mənafelərini – dövlət maraqlarını qətiyyətlə qoruyurlar. Xüsusi qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsi, prinsipial mövqe nümayiş etdirməsidir. Müharibənin başladığı gündən, hətta ilk saatlardan etibarən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünyaya çatdırılmasında, həm erməni yalanlarının ifşasında, həm də ikili standartlara əsaslanan siyasət həyata keçirən qərəzli dairələrin məkrli planlarının qarşısının alınmasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətə önəmli mesajlar verdi, rəhbərlik etdiyi qüdrətli Türkiyə Cümhuriyyətinin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etmiş oldu. Şübhəsiz ki, Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir və heç vaxt unutmayacaqdır.
Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə hər zaman güclü dəstək nümayiş etdirir. 2016-cı il 15 iyul tarixində qardaş ölkədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən Türkiyənin yanında olaraq – həmrəylik göstərərək bu xəyanətkar hərəkəti qəti şəkildə qınadı. Bununla yanaşı, ölkəmiz hamımızı dərindən sarsıdan dəhşətli faciənin – bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında, həmin bölgələrdə quruculuq işlərinin aparılmasında yaxından iştirak edərək qardaş köməyini əsirgəməmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq”.
Bütün bu reallıqlar Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının birmənalı təsdiqidir.
Xalqımızın milli mübarizə ruhunu, həmrəyliyini, dövlətimizin gücünü əks etdirən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən sonra, 2021-ci il iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması çoxşaxəli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini şərtləndirmişdir. Daha dəqiq desək, ölkələrimiz arasındakı dərin işbirliyi 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir səviyyəyə qalxmış, Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqlik zirvəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Prezident Rəcəb Tayyib Ərdoğan isə Bəyannamənin həm iki qardaş dövlət, həm də region üçün əhəmiyyətinə toxunaraq demişdir: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.
“Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun – Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfə verməkdədir.
Bu gün Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda mühüm – həlledici faktordur. Postmüharibə mərhələsində iki ölkənin tərəfdaşlığı bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsi, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi, ən əsası, Azərbaycanın tarixi Qələbəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
– Tahir müəllim, toxunduğunuz məqamlar, diqqət yetirdiyiniz məsələlər belə bir qənaətə gəlməyə əsas verir ki, yüksəliş mərhələsinə qədəm qoyan hər iki ölkə həm davamlı uğurlar qazanır, həm də birlikdə addımlayaraq yeni zirvələr fəth edir. “Azərbaycan və Türkiyə öz tarixlərinin qızıl dövrünü yaşayır” ,- desək, qətiyyən yanılmarıq, elə deyilmi?
– Tamamilə doğrudur. Həm Azərbaycan, həm də Türkiyə tərəqqi yolunda inamla addımlayır, güclü və nüfuzlu dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqelərini davamlı olaraq möhkəmləndirirlər. İki ölkənin birgə təşəbbüsləri isə regionda yeni – sülhə, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa xidmət edən geosiyasi nizamın yaranmasını şərtləndirir.
2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün xüsusilə əlamətdardır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin dövlətçilik irsinin tədqiqi, bütün dövrlər üçün aktual olan ideyalarının öyrənilməsi, təşviqi və təbliği istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda, o cümlədən dost və qardaş Türkiyədə silsilə tədbirlər keçirilir. Eyni zamanda, bu il dünyada müasir, nüfuzlu və qüdrətli dövlət kimi tanınan, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü həm qardaş ölkədə, həm də Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd edilir.
İstər “Heydər Əliyev İli”, istərsə də Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində həm Azərbaycan, həm də Türkiyə sarsılmaz birlik nümayiş etdirərək böyük uğurlar qazanır, ortaq hədəflərə doğru birlikdə addımlayaraq qardaşlıq münasibətlərinin sarsılmaz və əbədi olmasını, “Biz birlikdə güclüyük” şüarının əməldə təsdiqini bütün dünyaya nümayiş etdirirlər.
Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş ictimaiyyətə təqdim etdiyi “Türkiyə yüz ili” proqramı müxtəlif istiqamətlərdə milli məqsəd və prioritetləri müəyyən edən sənəddir, perspektivə yönəlik strateji hədəfləri özündə ehtiva edir. Proqramın reallaşdırılması Türkiyənin daha qüdrətli dövlətə çevrilməsinə imkan verəcəkdir.
Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın ölkəyə rəhbərlik etdiyi son 20 ildə əldə edilmiş nəticələr məhz belə bir iddialı proqramın gerçəkləşdirilməsi üçün güclü zəmin yaratmışdır. Türkiyə Cümhuriyyəti artıq istər regionda, istərsə də dünya miqyasında güc mərkəzinə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. “Türkiyə yüz ili” çərçivəsində tərəqqinin əsaslarını möhkəmləndirmək və yeni hədəflərə doğru irəliləmək böyük Türkiyənin daha da güclənməsinə nail olmaq deməkdir. Cənab Rəcəb Tayyib Ərdoğanın “Böyük və güclü Türkiyəni birlikdə quraq” çağırışı bu kontekstdə çox önəmlidir. Təsadüfi deyil ki, Türkiyə xalqı sonuncu seçkilərdə cənab Ərdoğanın çağırışına və qazanılan möhtəşəm uğurların davamına səs verməklə düzgün seçim etmiş, ölkənin parlaq gələcəyinə xidmət edən iradə, prinsipial mövqe ortaya qoymuşdur.
Azərbaycan dost, qardaş və strateji müttəfiq olan Türkiyənin növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləməsinə öz dəstəyini göstərir. Qardaş Türkiyə də Azərbaycanın yanında olduğunu nümayiş etdirir, xüsusilə də ölkəmizin haqq işində qətiyyətli dəstəyini ifadə edir. 44 günlük Vətən müharibəsində olduğu kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində 24 saatlıq lokal antiterror əməliyyatı zamanı da Türkiyə ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etmişdir.
Yeri gəlmişkən, “Heydər Əliyev İli” çərçivəsində Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində Qarabağ münaqişəsi mövzusunun birdəfəlik bağlanması – üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi xüsusi rəmzi məna daşıyır. Bu, Heydər Əliyev siyasətinin təntənəsi və zirvəsi, Ümummilli Liderin ən böyük arzusunun və vəsiyyətinin onun layiqli varisi – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən yerinə yetirilməsidir. Artıq milli qürurunu bərpa etmiş Azərbaycan xalqının alnı açıq, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin isə ruhu şaddır! Prezident İlham Əliyev isə xalqa vədini və ata vəsiyyətini yerinə yetirmiş müzəffər Sərkərdə, qalib Lider kimi adını tarixə əbədi həkk etdirmişdir.
– Siz Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini xarakterizə etdiniz, işbirliyini dərinləşdirən mühüm amillərə toxundunuz. İki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dövlətlərarası əlaqələrə töhfəsini necə qiymətləndirmək olar?
– Təqdirəlayiq haldır ki, unikal əməkdaşlıq və sıx dostluq-qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafında hər iki ölkənin hakim partiyalarının – Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) xüsusi rolu var.
Bilirsiniz ki, 2021-ci ilin iyun ayının 2-də iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Bununla da qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib. Yeni reallıqlar fonunda və sıx əməkdaşlıq çərçivəsində atılan addımlar partiyalar arasında əlaqələrin genişlənməsini, işbirliyinin dərinləşməsini şərtləndirir. Hakim partiyalar olaraq qısa zaman kəsiyində birlikdə önəmli layihələr icra etmişik, mühüm tədbirlər reallaşdırmışıq.
Qarşılıqlı səfərlərin həyata keçirilməsi, ardıcıl olaraq son iki ildə iyunun 15-də – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalandığı gündə keçirilən tədbirlərə AK Parti nümayəndə heyətinin qatılması, Azərbaycan ilə Türkiyənin milli maraqlarına, həmçinin partiyalararası əməkdaşlığın mövcud vəziyyətinə və perspektivə dair məsələlərdə faydalı fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Diqqətə çatdırım ki, ötən il baş tutan “Türkiyə yüz ili” proqramının təqdimatına ölkə xaricindən dəvət edilmiş yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyası olmuşdur. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti bu il oktyabrın 7-də Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın Sədrliyi və “Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli” şüarı ilə keçirilən, 27 ölkənin siyasi partiyalarının nümayəndələrinin, bir sıra dövlət və hökumət rəhbərlərinin, diplomatların, vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı AK Partinin IV Fövqəladə Böyük Qurultayında da iştirak etmişdir. Bütün bunlar Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla yanaşı, YAP-AK Parti əlaqələrinin yüksək səviyyədə olduğunu təsdiqləyən mühüm faktlardır.
Əminliklə söyləmək olar ki, həm Azərbaycan ilə Türkiyə, həm də iki dövlətin iqtidar partiyaları arasında münasibətlər heç vaxt bu cür güclü və yüksək səviyyədə olmamışdır. Keyfiyyətcə yeni mərhələyə qədəm qoyan partiyalararası əlaqələr intensiv xarakter daşıyır və olduqca səmərəlidir. Bu, bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir”. İki dost, qardaş və strateji müttəfiq ölkənin hakim partiyaları da bu prosesə layiqli töhfə vermək əzmindədirlər.
Fürsətdən istifadə edərək Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bütün türksevərləri təbrik edir, qardaş ölkəyə sülh və əmin-amanlıq, türk xalqına isə rifah və firavanlıq arzulayıram.