Zəminə Novruzova,
Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi
2020-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı, dövlət başçımız İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızda misli görünməmiş tarix yazdı. Dünyanın bütün dövlətləri və xalqları üçün nümunə ola biləcək 44 günlük Vətən savaşında qazandığımız qələbə haqq davamızın gözlənilən nəticəsi olmaqla bərabər, həm də Cənubu Qafqazda sülh və inkişafı təmin edəcək fərqli bir gerçəkliyin başlanğıcı oldu. Qürurverici haldır ki, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri artıq neçənci dəfədir ki, bir sıra dövlət tədbirlərinə, forumlara, festivallara ev sahibliyi edir. Məhz Milli Mətbuat gününün 149 illiyinin qeyd edildiyi ərəfədə daha bir beynəlxalq əhəmiyyətli tədbir “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun qələbəmizin rəmzi sayılan Şuşa şəhərində keçirilməsi də daha bir qürurverici hadisə oldu.
Forumun açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarıdünyanın bir çox ölkələrindən olan jurnalistlərin ünvanladığı suallara verdiyi cavabları ilə hər zamankı kimi yadda qaldı. Dövlət başçımızın tarixi sənədlərin və xəritələrin də təsdiq etdiyi kimi Qərbi Azərbaycanın məhz bizim dədə-baba torpaqlarımız olduğunu vurğulamasıxüsusilə önəmlidir: “Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.
Ermənilərin Cənubi Qafqaza köçündən sonra soydaşlarımız öz doğma yurdlarında deportasiyalara, soyqırımlara, təzyiqlərə məruz qalmışlar. Soydaşlarımızın Qərbi Azərbaycandan köçürülməsi XVIII əsrdən başlayaraq mərhələli şəkildə həyata keçirilmişdir. 1905-1920, 1948-1953, 1988-1992-ci illərdə azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası həyata keçirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, minlərlə insan – qoca, qadın, uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Öz mənfur etnik təmizləmə siyasətini həyata keçirmək, azərbaycanlıların izini yox etmək məqsədilə qəbiristanlıqlar, dini ocaqlar, tarixi-mədəni abidələr, məktəblər darmadağın edilmişdir. Ən böyük kütləvi deportasiya 1948-1953-cü illəri əhatə edir ki, bu da Stalinin göstərişi ilə həyata keçirilmiş vəhəmin dövrdə deportasiya üçün sənəd üzərində lazımi vəsaitin və maddi yardımın ayrılması nəzərdə tutulsa da, yerinə yetirilməmişdir. Köçürülmənin guya könüllülük əsasında həyata keçirildiyi deyilsə də, əslində əhalinin çox böyük hissəsi buna razı olmadığından zorakılığa məruz qalmışdır. Əhalinin köçürülmələri müqabilində heç olmasa öz yaşadıqları iqlimə uyğun bir ərazidə məskunlaşmalarına şərait yaratmaları istəyi də yerinə yetirliməmişdir.On minlərlə insan yeni şəraitə uyğunlaşmağa məcbur edildiyi üçün yeni həyat tərzi, yeni peşələr seçməyə məcbur edilmişdir. Köçürülmə zamanı soydaşlarımız ağır məhrumiyyətlərə düçar olmuş, xeyli insan itkisi baş vermişdir. Beləliklə, tarixi sənədlərdən də məlum olur ki, 1948–1953-cü illərdə Ermənistan SSR-dən Kür–Araz ovalığına 11 min 914 təsərrüfat (53 min nəfər) köçürülmüşdür.
Mərhələli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti təkcə azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası ilə bitməmiş, həm də yaşayış məntəqələrinin, çayların, göllərin, dağların hər birinin özündə qədim tarix yaşadan adları saxta erməni toponimləri ilə dəyişdirilmişdir. Qarabağda olduğu kimi Qərbi Azərbaycanda da tariximizin izlərini silməyə çalışan ermənilər haqqın, həqiqətin üzərini tamam örtə bilməyiblər. İndi də nə qədər gizlətməyə çalışsalar da elə erməni arxeoloqları tərəfindən aparılan qazıntılar zamanı üzə çıxan həqiqətlər həmin ərazilərin əsl sahiblərinin kim olduğunu bir daha təsdiqləyir.
Qərbi azərbaycanlıların faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev hüquqi qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 1997 və 1998-ci illərdə azərbaycanlıların deportasiyası və soyqırımı haqqında tarixi qərarlar imzaladı. Hər iki qərarda həm deportasiyanın səbəbləri, mahiyyəti, törədilən faciələr, həm də azərbaycanlılara qarşı ermənilərin soyqırımı etmələrinə siyasi qiymət verildi.
Bu gün qarşıda duran mühüm məsələlərdən biri də qədim yurd yerinin əzəli sakinlərini tarixi torpaqlarımıza qovuşdurmaq, gecikmiş ədaləti bərpa etməkdir. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarıbu məsələni daim gündəmdə saxlamaqla, xüsusi önəm verməklə, hər zaman beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdə vurğulamaqla bizim üçün nə qədər önəmli olduğunu göstərir. Bu məqsədlə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz yurdlarına geri dönmək hüququnu bərpa etməyə doğru yönəldilmiş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” xüsusi önəm daşıyır və soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün əsas fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları 2023-cü il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəqeyd etdi ki, “bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük”. Nəhayət, bu günlərdə – Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda dövlət başçımızın rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenkonun “Azərbaycanlılar öz Vətənlərini – Qərbi Azərbaycanı görəcəklərmi?” sualına verdiyi cavab özlərini qabaqcıl avropalılar kimi qələmə verən erməni havadarlarına bir ismarıcdır: “Mən əminəm ki, həmin gün mütləq gələcək, Qərbi azərbaycanlılar yurd-yuvalarına qovuşacaqlar… biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik”.
Artıq şəksiz inanırıq ki, ölkəmizə yüzlərlə dövlət xadimi, elm, təhsil işçisi, tanınmış mədəniyyət adamları, əmək qəhrəmanları, səhiyyə işçiləri bəxş edən, hər daşı qədim tariximizin silinməz yaddaşının daşıyıcısı olan yurd yerimiz öz əbədi və əzəli sakinlərinə qovuşacaq.