Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 may 2024-cü il tarixində Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olub və ilk köç edən ailələrlə görüşdülər. Dövlətimizin başçısı sakinlərlə görüşü zamanı ilk növbədə onların hər birini təbrik etdi və vurğuladı ki, siz otuz iki il Vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.
Bəli, Prezident İlham Əliyev, ölkə başçısı səlahiyyətlərini ilk icra etdiyi gündən etibarən torpaqlarımızın azad olunduğu günə qədər öz fəaliyyətində daim bu məsələni birinci yerə qoymuş, beynəlxalq aləmdə haqq səsimizi dünyaya elan etmiş, istər hərbi, istər siyasi müstəvilərdə məqsədyönlü fəaliyyət göstərərək Zəfər gününün əldə olunması üçün çalışmışdır. Əlbəttə bu kontekstdə hərbi, siyasi addımlarla yanaşı, vətənpərvər nəslin yetişdirilməsinə də əhəmiyyət vermişdir. Çünki, məlumdur ki, ölkənin hərbi gücü nə qədər olsa da döyüş meydanında cəsarətlə vuruşan, torpaqların azad olunması uğrunda canını qurban verməyə hazır olan, bayrağı qələbə nöqtəsinə sancan Azərbaycan əsgər və zabitidir. Ordu heyətinin qələbənin əldə olunmasında nə qədər rol oynamasının real şahidi olduq. Bir nümunə də deyəsi olsaq istər müharibəyə qədər, istərsə də müharibə dövründə və sonrasında da Ermənistana nə qədər silah daşınsa da, nəticədə heç nə dəyişmədi. Çünki, əgər Vətən yolunda canından keçməyə hazır, mənəvi cəhətdən sağlam bir canlı qüvvəyə malik ordun yoxdursa, silahlar da heç bir nəticə verə bilməz. Azərbaycanın ən böyük uğurlarından biri məhz belə bir orduya, belə bir gənc nəslə sahib olmasıdır. Bu gün Şuşanı və ümumilikdə, Qarabağımızı, Zəngəzurumuzu azad edən həmin o rəşadətli, cəsur Ordunun qeyrətli oğullarıdır.
Ölkə başçısının fikirləri ilə vurğulasaq “Ən önəmlisi gənc nəsli, – bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
ArtıqŞuşa doğma sakinlərinə qucaq açıb, ilk köç reallaşıb. Əlbəttə əldə edilən Böyük Qələbə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ən böyük abidədir. Onun vəsiyyəti layiqli davamçısı cənab Prezident tərəfindən yerinə yetirilib. Şuşada elə bir tarix yazıldı ki, yüz illər keçsə də unudulmayacaq. Hər kəs bu tarixi nailiyyətə imza atanlara qibtə edəcək, həsəd aparacaq.
Prezidentimizin də dediyi kimi, biz gəlmişik burada əbədi yaşamağa. Bəli, Azərbaycan xalqı, şuşalılar bu torpaqda əbədi yaşayacaq, qurub yaradacaq və sonrakı nəsillərə əmanətlər qoyacaqlar. Əsrlər keçsə də Azərbaycanın şanlı bayrağı Şuşanın səmasında dalğalanmağa davam edəcək.