Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətində 5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov açaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurların qazanıldığını qeyd edib. İnsan həyatı üçün əvəzedilməz sərvət olan içməli suyun əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin “Su həyat mənbəyidir, təmiz su isə sağlam həyat deməkdir” sözlərini xatırladan Orxan Əhmədov bildirib ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı gününün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətin, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin direktoru Şöhrəddin Verdiyev su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya işçiləri gününün təsis edilməsini, bu sahəyə və burada çalışan işçilərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir”
Tədbirdə peşə bayramı münasibəti ilə bir qrup su təsərrüfatı və meliorasiya işçisinə YAP Gəncə şəhər təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Təltif edilən əməkdaşlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə əzmlə çalışacaqlarını vurğulayıblar.