YAP Gəncə şəhər təşkilatında ictimai-siyasi proseslərdə iştirak edən gənclər üçün “Seçki prosesinin təşkili və seçki mədəniyyəti” mövzusunda təlim keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov çıxış edərək bildirib ki, bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Azərbaycanda xalqın iradəsinin ifadəsi sayılan seçkilər demokratik, azad keçirilir, seçki qanunvericiliyi daim təkmilləşdirilir. Ölkəmizdə ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın seçki hüquqları yüksək səviyyədə təmin olunur. Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. YAP Gəncə şəhər təşkilatının həyata keçirdiyi bu təlimin də əsas məqsədi xüsusən gənclərin seçki prosesinə geniş cəlb olunması, onların seçki mədəniyyətinin yüksəldilməsidir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Bu gün həmin ənənə daha da inkişaf etdirilir. Müstəqil ölkəmizdə demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi.
YAP Gəncə şəhər təşkilatının əməkdaşı Yüksəl Məmmədov gənc seçicilərin, xüsusi ilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi, onların seçki prosesinə marağınının artırılması, seçkilərdə daha fəal iştirakı üçün maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra YAP Gəncə şəhər təşkilatının İdeoloji məsələlər üzrə məsləhətçisi Kamran Abbasov tərəfindən gənclərə qanunvericilikdə nəzərdə tutulmuş seçki hüququ, seçki prosesinin qaydaları barədə geniş məlumat verib.
Sonda təlim iştirakçıları arasında seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb, gənclərin suallarını cavablandırıb.