2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Gəncə şəhərində seçicilərlə növbəti görüşlər keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Mehman Rzayev, Afaq Qasımova, Elgün Aslanov, Cavid Bağırzadə, Əhməd Məlikov, Çinarə Səfərova və başqaları çıxış ediblər.
Təşviqat qrupunun üzvləri çıxışlarında bildiriblər ki, Tarixi Zəfərdən ötən 3 il sonra 2023-cü ilin 15 oktyabr tarixində üçrəngli bayrağımızın Xankəndi şəhərində ucalması heç də təsadüfi deyildi. 20 il əvvəl eyni günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin təsdiqi olmaqla yanaşı, qalib ölkəmizin uğurlarına kölgə salmağa cəhd edənlərə, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərə ən tutarlı cavab idi. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı cənab İlham Əliyev 20 il əvvəl xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qalib Prezidentimizin xalqa arxalanan siyasəti sayəsində Azərbaycan qısa müddətdə qüdrətli dövlətə çevrildi.
Natiqlər çıxışlarında tədbir iştirakçılarını 7 fevral tarixində dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa, tərəqqiyə, verdiyi vədləri reallığa çevirən Liderə səs verməyə səsləyiblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.